Cənubi Koreyanın Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) hazırladığı Humanoid v0.9 adlı insansı robotun fiziki imkanlarını nümayiş etdirən yeni video yayımlanıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, Videoda robotun ağır əşyaları hərəkət etdirdiyi, qollarından istifadə edərək müxtəlif tapşırıqları yerinə yetirdiyi görünür.
Məlumata görə, Humanoid v0.9 35 kiloqramadək ağırlığa malik əşyaları itələyə, həmçinin 20 kiloqrama qədər yükü qaldıra bilir. Robotun əşyaların yerini dəyişərək KAIST hərflərini formalaşdırması da diqqət çəkib.
Robotun əsas xüsusiyyətlərindən biri tapşırıqları yerinə yetirərkən vizual geribildirim sistemindən istifadə etməsidir. Bu texnologiya ona əşyaların mövqeyini izləməyə, hərəkətlərini və tətbiq etdiyi qüvvəni vəziyyətə uyğun tənzimləməyə imkan verir.
Humanoid v0.9-un nümayiş etdirilən bacarıqları insansı robotların fiziki tapşırıqları yerinə yetirmək və ətrafdakı əşyalarla qarşılıqlı əlaqə qurmaq imkanlarının inkişaf etdiyini göstərir.












