ABŞ-da aparılan araşdırmada süni intellektin üz fotosu, xüsusilə göz ətrafındakı xüsusiyyətlər əsasında xərçəng xəstələrinin sağqalma müddətini təxmin edə bildiyi iddia olunub.
QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqatçılar milyonlarla sağlam insanın və 35 min xərçəng xəstəsinin fotoşəkilləri əsasında “FaceSurvival” adlı süni intellekt sistemi hazırlayıblar. Sistem gözaltı nahiyəni və burun körpüsü ətrafını təhlil edərək xəstələrin sağqalma müddəti ilə bağlı proqnozlar verə bilir.
Araşdırmanın ilkin nəticələri “The Lancet Digital Health” tibb jurnalında dərc olunub.
Alimlər bildiriblər ki, texnologiyanın əsas məqsədi həkimlərə xəstəliyin gedişatını qiymətləndirmək və müalicə qərarlarının verilməsində kömək etməkdir.
Bununla belə, tədqiqatçılar sistemin xəstəxanalarda istifadəyə hazır olmadığını vurğulayıblar. Onun etibarlılığının qiymətləndirilməsi üçün müxtəlif etnik qruplardan daha çox məlumatın toplanmasına ehtiyac var.
Mütəxəssislər texnologiyanın klinik praktikada tətbiqindən əvvəl əlavə araşdırmaların aparılmasının vacibliyini qeyd ediblər.












