Dünyada çoxsaylı internet saytlarının fəaliyyətində istifadə olunan PHP proqramlaşdırma dilində iki kritik təhlükəsizlik boşluğu aşkarlanıb. Hadisə beynəlxalq səviyyədə kibertəhlükəsizlik xəbərdarlığına səbəb olub, Avropanın bir sıra ölkələrində dövlət qurumlarının internet saytları ehtiyat tədbiri olaraq müvəqqəti bağlanıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya və Avstraliyanın kibertəhlükəsizlik qurumları sayt administratorlarını sistemlərini təcili yeniləməyə çağırıblar.
PHP tərtibatçıları aşkarlanmış problemləri aradan qaldırmaq məqsədilə çərşənbə günü dörd yeniləmə yayımlayıblar.
Avropada dövlət qurumlarının saytları bağlanıb
Fransada Paris Polis İdarəsi də daxil olmaqla bəzi dövlət qurumlarının internet saytları müvəqqəti olaraq əlçatmaz vəziyyətə gətirilib.
Niderlandda isə milli rəqəmsal identifikasiya sistemi DigiD, Nümayəndələr Palatası və Milli Kibertəhlükəsizlik Mərkəzinin saytları da daxil olmaqla bir sıra onlayn xidmətlər oflayn rejimə keçirilib. Rotterdam Limanının, bəzi xəstəxanaların və siyasi partiyaların internet resursları da görülən tədbirlərdən təsirlənib.
Finlandiya hökuməti ictimaiyyət üçün nəzərdə tutulan bəzi internet xidmətlərini müvəqqəti dayandırıb. Almaniyada bir sıra federal hökumət saytları, Belçikada isə Xarici İşlər Nazirliyinin internet resursları ehtiyat tədbiri olaraq bağlanıb.
Tədbirlər təsdiqlənmiş hücumla bağlı deyil
Finlandiya və Almaniya rəsmiləri saytların müvəqqəti bağlanmasının təsdiqlənmiş kibert hücumla əlaqədar olmadığını bildiriblər. Qərarlar təhlükəsizlik boşluqlarının yarada biləcəyi riskləri azaltmaq məqsədilə qəbul edilib.
“Wikipedia”nın fəaliyyətini dəstəkləyən Wikimedia Fondu da təhlükəsizlik problemlərinin aradan qaldırılması istiqamətində iş apardığını və bəzi sistemlərini müvəqqəti dayandırdığını açıqlayıb.
Hadisə internet infrastrukturunda geniş istifadə olunan proqram təminatının təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib. Mütəxəssislər belə hallarda sistemlərin vaxtında yenilənməsinin və təhlükəsizlik tədbirlərinin görülməsinin əhəmiyyətini vurğulayırlar.












