17 noyabr – Beynəlxalq Tələbə Günü münasibətilə Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud günün tarixi və Azərbaycandakı tələbə mühiti ilə bağlı açıqlama verib.
Elməddin Behbud bildirib ki, Beynəlxalq Tələbə Gününün yaranması faciəli hadisə ilə bağlıdır. Onun sözlərinə görə, faşist Almaniyası İkinci Dünya müharibəsi ərəfəsində Çexiyanı işğal etdikdən sonra buna dinc formada etiraz edən tələbələr həbs olunmuş, bir çoxu isə edam edilmişdi. Məhz bu hadisə 1946-cı ildə Beynəlxalq Tələbə Konqresində 17 noyabrın Beynəlxalq Tələbə Günü kimi qəbul olunmasına səbəb olub.
"17 noyabr həm də Azərbaycanda Milli Dirçəliş Günü kimi xüsusi əhəmiyyət daşıyır. Sovet totalitarizminə qarşı baş qaldıran milli azadlıq hərəkatında tələbələr mühüm rol oynayıb və prosesin əsas hərəkətverici qüvvəsi olublar. 2024–2025-ci tədris ilində Azərbaycanda təxminən 260 min tələbə təhsil alır. Tələbələrin böyük qismi ali və orta ixtisas müəssisələrində oxuyur".
Onun fikrincə, qlobal rəqabətə davamlı tələbələr yetişdirmək üçün tədrisin keyfiyyəti, elmi fəaliyyət, akademik heyətin hazırlığı, yataqxana problemləri və beynəlxalq elmi jurnallarda məqalə sayı kimi məsələlər hərtərəfli təhlil edilməlidir:
“Beynəlxalq rəqabət deyəndə, ilk növbədə tələbələrin elmi axtarışlara yiyələnməsi, tədqiqat metodikasını mənimsəməsi, beynəlxalq təhsil trendlərindən geri qalmaması və həmin tendensiyaları uğurla izləyə bilməsi vacibdir. Onlar qlobal inkişaf fonunda Asiyanın inkişaf etmiş mərkəzlərində – Yaponiya, Cənubi Koreya, Çin, həmçinin Avropa və Şimali Amerikada elmin inkişaf tempinə uyğun şəkildə müasir dərsliklər, dərs vəsaitləri və tədris proqramları ilə təmin olunmalıdırlar. Bu proses növbəti mərhələdə sənayedən tutmuş kənd təsərrüfatının müxtəlif sahələrinə qədər dəyərli mütəxəssislərin hazırlanması üçün baza rolunu oynayır. Dünya universitetlərinin reytinq cədvəllərinə nəzər salsaq, görərik ki, Azərbaycanın ali məktəbləri top 100-lükdə yer almır. Top 1000-likdə isə bəzi reytinqlərdə 2–3 universitet görünsə də, nəticələr ildən-ilə dəyişir. Bunu deməkdə məqsədim odur ki, biz Azərbaycan tələbələrinin beynəlxalq rəqabətə davamlılığından danışırıqsa, hökmən təhsilin mövcud vəziyyətini – onlara yaradılan şəraiti, ali məktəblərdəki akademik heyətin səviyyəsini, yataqxana yerlərinin çatışmazlığını, eləcə də beynəlxalq jurnallarda elmi məqalələrin sayını ciddi şəkildə təhlil etməliyik.”
Sonda DANİB sədri vurğulayıb ki, ölkədə böyük potensiala malik tələbə ordusu mövcuddur və təhsilə göstərilən dövlət qayğısı artdıqca bu potensial daha dolğun şəkildə özünü göstərəcək.
Pərvanə Fərhadqızı
QHT.az












