Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan gəncləri qarşısında duran əsas vəzifələrdən biri müasir texnologiyaları mənimsəmək, əmək bazarında tələb olunan ixtisaslara yiyələnmək və milli-mənəvi dəyərləri qorumaqdır.

Onun sözlərinə görə, qlobal informasiya axını və mədəni inteqrasiya prosesləri gənclərin milli identikliyini itirmə riskini artırır:

"Kommunikasiyanın inkişafı bu gün dünyada elə bir səviyyəyə çatıb ki, heç bir viza almadan, hər hansı fiziki təmas olmadan mədəniyyətlər bir-birinə asanlıqla inteqrasiya edə bilir. Bunun üstün cəhətləri olsa da, eyni zamanda dezavantajları da var. Bu, hibrid müharibənin həm kəmiyyət, həm də “dırnaqarası” keyfiyyət etibarilə genişlənməsinə, milli dövlət modelinin zəiflədilməsi üçün gənclərdən daha çox istifadə edilməsinə şərait yaradır. Bu mənada Azərbaycan gəncliyinin qarşısında duran əsas məsələ – Prezident İlham Əliyevin qlobal forumlarda, gənclərlə görüşlərdə və mediaya müsahibələrində vurğuladığı kimi – azərbaycançılıq məfkurəsinə, vətənpərvərlik düşüncəsinə və milli şüura sahib olaraq inkişaf etməkdir. Müasir dünyanın ən nüfuzlu ali məktəblərində oxumaqla, əmək bazarına uyğun ixtisaslara yiyələnməklə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumaq, onun keşiyində durmaq və gələcək nəsillərə ötürmək də bizim borcumuzdur. Əgər Azərbaycan gəncləri milli şüurunu qoruyub saxlaya bilməsələr, zamanla dövlətimizin mövcudluğu ciddi təhlükə altına düşə bilər."

QHT sədri bildirib ki, Azərbaycan gənclərinin beynəlxalq platformalarda iştirakı 1990-cı illərdən başlayıb, 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradılıb və həmin tarixdən etibarən ölkəmiz müxtəlif beynəlxalq gənclər platformalarında təmsil olunur:

"Buraya ədəbi, ictimai və digər sahələr daxildir. Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biri olan türk dövlətləri ilə inteqrasiya çərçivəsində, Türk Dövlətləri Təşkilatının Gənclər Məclisində də Azərbaycan gənclərinin iştirakı təmin olunur. İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan gənclərinin göstərdiyi informasiya müharibəsi fəaliyyəti buna bariz nümunədir. Onlar sosial media platformalarında heç bir göstəriş gözləmədən milli maraqlarımızı qorumaq üçün yüksək bilik, bacarıq və vətənpərvərlik nümayiş etdirdilər. Müharibədən sonra da postmüharibə dövründə qarşıda duran hibrid müharibə elementlərinə qarşı mübarizə davam etməkdədir və gənclərimiz beynəlxalq platformalarda iştirak imkanlarını artırmağa çalışırlar. Bu əlamətdar gündə Azərbaycan gənclərinə ünvanlamaq istədiyim əsas mesaj – qlobal və lokal cinayətkar qrupların məqsədli şəkildə hədəf seçdiyi gənclərin zərərli vərdişlərdən uzaq durmasıdır. Çünki fiziki və psixoloji cəhətdən sağlam olmayan gənclərin millətinə, dövlətinə və bəşəriyyətə faydalı olması mümkün deyil. İkinci vacib məsələ isə milli-mənəvi dəyərlərə sahib çıxaraq milli identikliyi qorumaq, Azərbaycan adının və millətimizin tarix boyu hansı sınaqlardan keçdiyini unutmamaqdır. Tariximiz göstərir ki, biz hər zaman güclü olmamışıq, işğala məruz qaldığımız dövrlər də olub. XX əsrin və XXI əsrin ilk 25 ilinin tarixini nəzərdən keçirsək, nə qədər təlatümlərdən keçdiyimizi görərik. Keçmişdəki bəlaları təkrar yaşamamaq üçün tariximizi yaxşı öyrənməliyik"

Elməddin Behbud həmçinin, gəncləri zərərli vərdişlərdən uzaq durmağa və sağlam həyat tərzinə üstünlük verməyə çağırıb:

"Azərbaycan gəncliyi öz tarixinə, qədim mədəniyyətinə sahib çıxmalı, yüksək bilik və bacarıqlarla, vətənpərvərlik duyğusu ilə türk dünyasının maraqlarını qoruyaraq, vahid Turana doğru daha sürətlə, amma ağılla idarə olunan emosiya ilə irəliləməlidir. Mən əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gənclərinin öz bilik, bacarıq və fəaliyyət imkanlarını genişləndirməsi və potensialını reallaşdırması üçün kifayət qədər şərait yaradır. Gənclərimiz də bundan daha fəal şəkildə istifadə etməlidirlər."

 

Pərvanə Fərhadqızı

QHT.az