Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında bildirib ki, 1999-cu ildə BMT-nin qərarı ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edilsə də, Azərbaycan bu tarixi iki il öncə – 1997-ci ilin 2 fevralında ümummilli lider Heydər Əliyevin sərəncamı ilə milli Gənclər Gününü qeyd etməyə başlayıb.

Onun sözlərinə görə, bu addım Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqətin bariz nümunəsidir:

"Bu gün gənclər qarşısında çox ciddi sosial, iqtisadi və mədəni çağırışlar dayanır. Siz bilirsiniz ki, gəncləri qlobal miqyaslı çağırışlardan ayrı tutmaq mümkün deyil. Onlar bütöv dünyanın bir hissəsidir. İstər Azərbaycan gəncliyi, istərsə də ümumilikdə dünya gəncliyi bu gün terrorizmlə mübarizə, rifahın yüksəldilməsi, sosial müdafiə, separatçılığa qarşı mübarizə, zərərli vərdişlərə qarşı mübarizə, transmilli cinayətkarlıqla mübarizə, eyni zamanda milli dəyərlərlə yanaşı, bəşəri dəyərlərin qorunması və mədəni inteqrasiya üçün qarşılıqlı faydalı əməkdaşlıq kimi vacib çağırışlarla üz-üzədir.

QHT sədri bildirib ki, şükürlər olsun ki, Azərbaycan gəncliyi həm akademik, həm mədəni, həm də biznes sahəsində uğurlu fəaliyyəti ilə tanınır və yerli platformalarla yanaşı, beynəlxalq platformalarda da Azərbaycanın milli maraqlarının dəstəklənməsi və qorunmasında aktiv şəkildə iştirak edir:

"Azərbaycan gəncləri və onların fəal komponentlərindən biri olan gənclər təşkilatları beynəlxalq gənclər platformalarında ölkəmizin mövqeyini ifadə edir, həmçinin zaman-zaman dövlət maraqlarımıza qarşı yönələn anti-Azərbaycan çağırışların qarşısının alınmasında yaxından iştirak edirlər."

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az