“Bilirəm hamının problemi çoxdur. Nə narkomaniya, nə narkotik, nə də onların yaydığı xəstəliklərlə bağlı heç kəs narahat deyil. Narahat olanlar əmək haqqı alırlar, bu onların işidir”.
Bu sözləri Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov QHT.az- a açıqlamasında bildirib. O, qeyd edib ki, narkoman 1,2,3-cü istifadədən sonra artıq mütləq şəkildə asılı vəziyyətə düşür: “Ağrıkəsici kimi bundan istifadə edir, etməlidir, edəcək. Ya bunu müalicə etdirməlisən, ya da buadam bu yolun dalınca gedəcək, getməlidir. Əvvəl çəkir, sonra keçir şprisə, sonra damarlar itir, 1 qr-lıq insulin şprisinə keçirlər. O şprisi tapmaq çətindir. Bir- birilərinin şprislərindən istifadə etməyə, bir-birlərinə yaymağa başlayır”.
Eksper həmçinin qeyd edib ki, bu gün rastlaşdığım vəziyyətlərdən biri 1 nəfərdə Qiçs şübhəsi, 2 nəfərdə hepatit olub: “Bu adamlar bilərəkdən öz şprislərini başqalarına verirlər. Çünki o adamlar şprisləri tapa bilmirlər. Apteklər satmır ki, guya narkomaniyanın qarşısını alırlar. Adam ağrıda olanda desələr də ki, mənim pis xəstəliyim var, yenə də istəyərlər. Bunlar həm cinayətkar, həm zorakılıq, dozaya görə oğurluqlar edir, həmçinin böyük xəstəlikləri yayırlar. Düzdür Qiçs Mərkəzi tam təmənnasız, normal işləyir, amma bunun qarşısı alınmazdır. Bu artıq pandemiya halını alır. Bu adamlar şpris tapmadıqda bu məsələlər baş verir. Narkotikin qarşısını qismən alsaq da, narkomaniyanın qarşısını bütün dünya ala bilmir. Heç olmasa onlara şərait yaradaq ki, xəstəlikləri yaymasınlar. Biz nə etsək də, onlar iynəni vuracaq. Biz onlara steril material verməliyik. Bu hər birinə aid olmasın”.
Pərvanə Fərhadqızı












