Hindistanda qeyri-hökumət təşkilatlarının xarici maliyyə almasına dair qaydaların sərtləşdirilməsi gündəmdədir.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan parlamentində müzakirəyə çıxarılan FCRA Amendment Bill 2026 xarici maliyyə qəbul edən QHT-lərin qeydiyyatı, fəaliyyətinə nəzarət və xarici vəsait hesabına əldə edilmiş aktivlərlə bağlı yeni mexanizmlər təklif edir. Qanun layihəsi martın 25-də Lok Sabhaya təqdim olunub və avqustun 12-də daha ətraflı araşdırılması üçün Birgə Parlament Komitəsinə göndərilib.
Layihəyə əsasən, QHT-nin xarici maliyyə üzrə qeydiyyatı ləğv edilərsə, könüllü şəkildə dayandırılarsa və ya yenilənməzsə, həmin təşkilatın xarici vəsait hesabına formalaşdırdığı müəyyən aktivlərin idarə olunması üçün xüsusi “Designated Authority” yaradılması nəzərdə tutulur.
Hindistan hökuməti dəyişikliklərin əsas məqsədinin şəffaflığın və hesabatlılığın artırılması, xarici vəsaitlərin yalnız icazə verilən məqsədlər üçün istifadəsinin təmin edilməsi olduğunu bildirir. Rəsmi açıqlamaya görə, FCRA xarici ianələri tamamilə qadağan etmir; uyğun tələblərə cavab verən təşkilatlar qeydiyyat və ya əvvəlcədən icazə mexanizmi vasitəsilə maliyyə qəbul edə bilirlər.
Lakin QHT və vətəndaş cəmiyyəti təşkilatları təkliflərə ehtiyatla yanaşırlar. Tənqidçilər xüsusilə xarici maliyyə hesabına yaradılmış aktivlərin dövlət nəzarətinə keçməsi imkanının təşkilatların müstəqilliyinə və fəaliyyətinə təsir göstərə biləcəyini bildirirlər.
Məlumata görə, Hindistanda 15 iyul 2026-cı il tarixinə 14 449 aktiv FCRA qeydiyyatı mövcuddur. Eyni zamanda 22 498 qeydiyyat ləğv edilib, 15 212 qeydiyyatın isə qüvvədən düşdüyü göstərilir.
Mövzu 26 avqust 2026-da Funds for NGOs tərəfindən də ayrıca gündəmə gətirilib.












