Son günlər Yardımlıda qadının ayağına qızdırılmış dəmir basılması, Bakıda isə münasibəti bitirmək istəyən qadının üzünə sulfat turşusu tökülməsi kimi ağır zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu cür hadisələr ailə-məişət zorakılığının qarşısının alınması və zərərçəkənlərin vaxtında müdafiə olunması məsələsini yenidən gündəmə gətirib.

“Vəfa sosial problemlərin həllinə dəstək” İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bildirib ki, zorakılıq halları cəmiyyət tərəfindən “ailənin daxili məsələsi” kimi qiymətləndirilməməlidir.

“QHT sədri kimi hesab edirəm ki, son günlər Yardımlıda qadının ayağına qızdırılmış dəmir basılması, Bakıda isə münasibəti bitirmək istəyən qadının üzünə sulfat turşusu tökülməsi kimi hadisələr cəmiyyət olaraq bizi ciddi düşündürməlidir.

Ailə-məişət zorakılığı heç vaxt “ailənin daxili məsələsi” kimi qəbul edilməməlidir. Çünki zorakılıq çox zaman təhdid, təhqir, psixoloji təzyiq və nəzarətlə başlayır, vaxtında müdaxilə olmadıqda isə ağır nəticələrə gətirib çıxara bilir.

Qanunvericilikdə zərərçəkənlərin müdafiəsi üçün müəyyən mexanizmlər mövcuddur. Lakin düşünürəm ki, əsas məsələ qanunun yalnız mövcud olması deyil, onun vaxtında və effektiv tətbiq edilməsidir.

Xüsusilə təhlükə altında olan qadınların sürətli şəkildə qorunması, mühafizə orderlərinin daha effektiv icrası, təhlükəsiz sığınacaqların və hüquqi-psixoloji xidmətlərin artırılması vacibdir. Zorakılıq törədən şəxslərlə bağlı da daha ciddi nəzarət və preventiv tədbirlər görülməlidir.

Cəmiyyət olaraq susmamalıyıq. Zorakılığın qarşısını almaq üçün ağır cinayətin baş verməsini gözləmək olmaz.

Qadını qorumaq yalnız dövlətin deyil, cəmiyyətin də məsuliyyətidir. İlk siqnalı görmək və vaxtında müdaxilə etmək bir insanın həyatını xilas edə bilər”, – deyə Fatimə Hacıbəyli qeyd edib.

 

Zəhra Ağayeva