Hindistanda xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi ölkədə ciddi müzakirələrə səbəb olub.

27 avqust tarixində yayımlanan materiallarda bildirilib ki, 2026-cı il FCRA dəyişiklikləri xarici maliyyə alan təşkilatların aktivləri və fəaliyyətinə dövlət nəzarətini artırmağı nəzərdə tutur. Hökumət bunu xarici vəsaitlərin sui-istifadəsinin qarşısını almaq və milli təhlükəsizliyi qorumaq zərurəti ilə əsaslandırır.

QHT.az xarici mediaya istinadən bildirir ki,  hüquq müdafiəçiləri və bəzi QHT nümayəndələri yeni qaydaların vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarını məhdudlaşdıra biləcəyindən narahatdır. Tənqidçilər xüsusilə QHT-nin xarici maliyyə sertifikatı ləğv edildikdə onun xarici vəsait hesabına əldə etdiyi aktivlərin dövlət nəzarətinə keçməsi ehtimalını problemli hesab edirlər.

Mövzu artıq beynəlxalq səviyyədə də müzakirə olunur. ABŞ konqresmeni Riley Moore qanun layihəsini tənqid edərək onun xüsusilə dini və xeyriyyə təşkilatlarına təsir göstərə biləcəyini bildirib. Hindistan hökuməti isə qanunun bütün təşkilatlara dini və ideoloji mənsubiyyətindən asılı olmayaraq eyni qaydada tətbiq ediləcəyini deyir.