Azərbaycanda ərzaq məhsullarının qiymətləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Qiymətlər əsasən bahalaşma istiqamətində dəyişir. Bunun əsas səbəblərindən biri ölkənin ərzaq istehlakı baxımından idxaldan ciddi şəkildə asılı olmasıdır.

Bunu QHT.az-a açıqlamasında Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli deyib.

Ekspert bildirib ki, Azərbaycanda müəyyən ərzaq məhsullarının yerli istehsalı həyata keçirilsə də, onların istehsalında istifadə olunan xammalın böyük hissəsi xaricdən gətirilir. Onun sözlərinə görə, şəkər tozu, biskvit və müxtəlif yağlar da daxil olmaqla bir sıra məhsulların istehsalında idxal olunan xammaldan istifadə edilir.

İ.Hüseynlinin sözlərinə görə, ət və ət məhsulları üzrə də Azərbaycanın idxaldan asılılığı artıb:

“Azərbaycanda ət və ət məhsullarının istehsalı kifayət qədər azalıb. Quşçuluq məhsullarında da vəziyyət oxşardır. Məhsulun özü Azərbaycanda istehsal olunsa belə, quşların bəslənməsində istifadə edilən yemlər, dərman preparatları və digər vasitələrin böyük hissəsi idxal olunur. Bu isə həm daxildə istehsal olunan ərzaq məhsullarının maya dəyərinin və qiymətinin artmasına, həm də hazır məhsulların bahalaşmasına səbəb olur”.

Ekspert qeyd edib ki, dünyada baş verən geosiyasi proseslər, logistika xərclərinin artması və dünya bazarında qiymət dəyişiklikləri Azərbaycan bazarına da birbaşa təsir göstərir. İdxaldan asılılıq yüksək olduğundan xarici bazarlardakı bahalaşma daxili qiymətlərdə də özünü göstərir.

İlqar Hüseynli payız-qış aylarında xüsusilə ət və süd məhsullarının qiymətində artım riskinin yüksəldiyini vurğulayıb. Onun sözlərinə görə, yay və yaz aylarında heyvanların açıq havada və təbii otlaqlarda qidalanması mümkün olduğu halda, payız-qış mövsümündə fermerlər daha çox əvvəlcədən tədarük edilmiş yemlərdən istifadə etməli olurlar.

“Ot və digər yem məhsullarının tədarükü fermerlər üçün əlavə xərc yaradır. Yem qiymətlərinin yüksək olması isə nəticə etibarilə süd və ət məhsullarının maya dəyərinə təsir edir. Buna görə də payız və qış aylarında bu məhsullar üzrə qiymət artımı ehtimalı kifayət qədər yüksəkdir”, – deyə İ.Hüseynli bildirib.

O əlavə edib ki, ət və süd məhsulları ilə yanaşı, tərəvəz və gündəlik tələbat məhsullarının qiymətində də mərhələli bahalaşma müşahidə oluna bilər.

“Ümumiləşdirsək, ərzaq məhsullarında bahalaşmanın əsas səbəbləri ölkənin idxaldan asılılığı, istehsal xərclərinin yüksəlməsi, yem məhsullarının bahalaşması, logistika xərcləri və dünya bazarındakı qiymət dəyişiklikləridir. Bu amilləri nəzərə alsaq, qarşıdakı dövrdə qiymət artımına hazır olmaq lazımdır”, – deyə ekspert qeyd edib.