İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
QHT.az xəbər verir ki, Prezident çıxışı zamanı müvafiq qurumalrın Espo Konvensiyası ilə bağlı fəaliyyətə keçməsinin vacibliyini önə çəkib:
"Bir məsələyə də mən toxunmaq istərdim. Bu da ekoloji tarazlıqla bağlı olan məsələdir. Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub.
Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar. Yəni, bütün bu peyk görüntüləri bizdə var. İndi transsərhəd təhlükələri mütləq nəzərə alınmalıdır və Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Espo Konvensiyasına, bunu hər kəs internetdə açıb baxa bilər.
O göstərir ki, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın müəssisələrin, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır və biz bunu Ermənistandan tələb edirik. Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır.
Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin. Əgər onlar hansısa müəssisə yaratmaq istəyirlərsə, bizim buna, əlbəttə ki, münasibətimiz ola bilməz.
Onların daxili işidir. Amma əgər bu müəssisə bizim sərhədimizin 500 metrliyində yerləşirsə, orada təhlükəli maddələrdən istifadə ediləcəksə və bu maddələr yenə də Araz çayına, Oxçu çayına töküləcəksə, bu, bizim məsələmizdir. Biz buna necə imkan verə bilərik? Əlbəttə ki, biz bu məsələləri qanun çərçivəsində, beynəlxalq konvensiyalar çərçivəsində, diplomatiya çərçivəsində mütləq diqqətdə saxlamalıyıq. Ona görə bu tapşırığı verirəm, siz baxın, hansı hüquqi yollar var ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin."












