"İnnovativ Araşdırmalar Mərkəzi bölgə - bölgə və dünya iqtisadiyyatında dərinləşən böhranın Azərbaycan iqtisadiyyatına təsirlərinin yumşaldılması yollarını araşdırır. Dünya iqtisadiyyatında mürəkkəb proseslər baş verir. Biz istəsək də, istəməsək də qlobal iqtisadiyyatın tərkib hissəsiyik, mənfi nəticələrini öz iqtisadiyyatımızda hiss edirik. Bir analitik konsaltinq mərkəzi kimi aidiyyəti dövlət qurumlarına, müvafiq təşəbbüslərlə, təkliflərlə çıxış etmək üçün bu platformanın yaradılması çox önəmlidir. Bu platforma vasitəsilə dünya iqtisadiyyatında baş verən proseslərə adekvat, realist yanaşmanı ortaya qoyaraq, kompleksli tədqiqatları təhlil edəcəyik".
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Texniki Universitetin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elşad Məmmədov Azərbaycan Texniki Universitetində keçirilən İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin 1 saylı Analitik Bülleteni zamanı bildirib.
Professor qeyd edib ki, 2007-2008-ci illər dünya iqtisadi böhranından sonra aparıcı mərkəzi banklar pul emissiyasını artıraraq böhranın fəsadlarını ört-basdır etməyə çalışdılar, amma səbəblər aradan qaldırılmadı: “İndi inflyasiyanın bir qədər yumşalması müşahidə olunur, lakin ilin sonuna yaxın inflyasiya meyllərinin artması gözlənilir. İdxaldan asılılığı nəzərə alaraq, Azərbaycanın yerli istehsalı stimullaşdırması və investisiyaların real sektora yönəldilməsi vacibdir. Bu, yerli istehsal hesabına istehlak bazarını təmin etməklə, inflyasiya ilə effektiv mübarizəyə imkan verəcək.
Pərvanə Fərhadqızı












