Baş nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb.

QHT.az xəbər verir ki, sənəddən göstərilib ki, dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli QHT.az-a məlumat verib: “Baş nazir Əli Əsədovun dediyi kimi ölkədə qiymət artımın günahı onlarda deyil, hamı günahkardır, bircə hökumətdən başqa. Yaxşı, qlobal təsirlər var, dünyada da inflyasiya güclənib, amma ölkədəki inhisarçılığı, yanlış rüsum-vergi siyasətini, bazara çıxış imkanlarının məhdudluğunu Putin edir, ya Bayden?! Bəlkə ÜST bizə, məsələn, ərzaq və dərmanlarda ƏDV-i 18%-dən aşağı salmağa qoymur?! Yəqin, Şolts, Makron imkan vermir ki, kənd təsərrüfatında düzgün stimullaşdırıcı addımlar olsun, eləmi?! Və ya, Yeni Zellandiyada inəklər qaz buraxır, iqlim korlanır, Azərbaycanda da qiymətlər qalxır?!”.

O, qeyd edib ki, Əli Əsədov 12 nəfər qalstuklu müəllimlərdən ibarət işçi qrupu yaradıb ki, qiymət artımının qarşısını alacaq: “Niyə camaata əziyyət verirsiz?! Yol-iz bəllidir, qrupa ayrıca vəsait, enerji xərcləməyin, bazarı liberallaşdırın, rəqabəti artırın, pərakəndə satışda ərzaq və dərmanlarda ƏDV-ni 18%-dən 2%-ə salın, gedin ÜTT-yə üzv olun, AB ilə yeni sazişi tez imzalayın – vəssalam, görəcəksiz ki, qiymətlər təbii, orqanik halda enməyə başladı”.

Ekspert həmçinin qeyd edib ki, həm imhisarçı, rəqabətsiz iqtisadiyyat qur, həm də qiymətlərin qalxmasından şikayət elə, işçi qrupu yarat, belə olmur: “Dolamayın camaatı, o işçi qrupa daxil olanların əksəriyyətinin qiymət artımında öz işlərini pis gördükləri üçün payı və ya şəxsi marağı var”.

 

Pərvanə Fərhadqızı