Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan "İntellekt marafonu" layihəsi çərçivəsində keçirilən intellektual turnirdə "C" qrupunun oyunu baş tutub.
QHT.az xəbər verir ki, Qazax Gənclər Evində reallaşan bilik yarışında 8 komandanın heyətində 40 gənc mübarizə aparıb. Bu mərhələdə 20 sual səsləndirilib.
Günün yekun nəticələrinə əsasən, ən çox suala düzgün cavab verən Qazax rayon Orta Salahlı kənd S.M.Hacıyev adına tam orta məktəbin "Zəka", Qazax rayon Birinci Şıxlı kənd M.Həsənov adına tam orta məktəbin "Ümid", Qazax rayon Sarıvəlli kənd Ş.Nəsibova adına tam orta məktəbin "Dəli Kür" və Qazax rayon Yuxarı Salahlı kənd Z.Mahmudov adına tam orta məktəbin "Vurğun" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarımfinal mərhələsi 27 fevralda baş tutacaq. Sabah isə "D" və "E" qruplarında çıxış edən komandalar mübarizəyə qoşulacaq. Qeyd edək ki, layihənin icrasına 20 dekabr 2022-ci ildə başlanılıb və 20 mart 2023-cü il tarixdə yekunlaşacaq. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edir.












