"Fransada son günlər kütləvi etirazların zorakılıqla müşayiət olunması, ictimai binaların yandırılması, mağazaların dağıdılması və polislə toqquşmalar ölkədə dərinləşən sosial-siyasi böhranın göstəricisidir. Bahalaşma, sosial narazılıq və dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı problemlər insanların küçələrə çıxmasına səbəb olsa da, yaranmış vəziyyət Fransa hakimiyyətinin cəmiyyətin problemlərinə vaxtında və adekvat cavab vermək qabiliyyətini də sual altına alır".

QHT.az xəbər verir ki, bu fikirləri Cəmiyyətin İnkişafı Mərkəzinin sədri, siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib.

Ə.Abbasbəylinin sözlərinə görə, Fransada baş verənlər demokratiya və insan hüquqları prinsiplərinə münasibətdə ciddi sınaqdır:

"Özünü demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi təqdim edən, hətta başqalarına “dərs verməyə”, “ittiham və mühakimə etməyə qalxan” Fransa üçün baş verənlər ciddi sınaqdır. Demokratiya yalnız başqa ölkələrə siyasi dərs vermək deyil, ilk növbədə, öz cəmiyyətinin narazılığını dinləmək, vətəndaşların hüquqlarını qorumaq və problemləri ədalətli şəkildə həll etmək məsuliyyətidir. Dinc etiraz hüququna hörmət edilməli, zorakılıq və dağıntılar isə qanun çərçivəsində qiymətləndirilməlidir. Fransanın başqalarına verdiyi demokratiya dərslərinin inandırıcılığı, ilk növbədə, öz daxilində bu prinsiplərə nə dərəcədə əməl etməsindən asılıdır".

Əhməd Abbasbəyli fikrini xalq arasında işlədilən bir deyimlə tamamlayaraq insanları başqalarını mühakimə etməkdən çəkinməyə çağırıb:

"Belə yerdə deyiblər ki, “çalış, heç kimi mühakimə etmə, vaxt gələr, sən də mühakimə olunarsan”. Mühakimə etməyə, irad bildirməyə nə var ki.."