Wellcome təşkilatının baş icraçı direktoru Con-Arne Röttingen qlobal səhiyyə sahəsində ölkələrin öz səhiyyə sistemlərinə daha çox nəzarət etməsi və yardım asılılığının azaldılması istiqamətində ümumi razılığın formalaşdığını bildirib.

QHT.az xarici mediaya istinadən bildirir ki, o, Ümumdünya Səhiyyə Sammitində qlobal səhiyyə yardımının gələcəyi ilə bağlı müzakirələr zamanı ölkələrin vahid plan, büdcə və hesabat sistemi əsasında fəaliyyət göstərməsi yanaşmasının dəstəkləndiyini qeyd edib. Bu yanaşmanın nümunələrindən biri Qananın Prezidenti Con Mahamanın və digər qlobal Cənub liderlərinin təşəbbüsü ilə irəli sürülən “Accra Reset” təşəbbüsüdür.

Təşəbbüsün əsas məqsədi səhiyyə sahəsində tərəfdaşlığı daha bərabərhüquqlu etmək və ölkələrin xarici yardımdan asılılığını azaltmaqdır.

Röttingen bu istiqamətdə razılığın yüksək olmasını müsbət qarşılasa da, əldə olunan razılaşmaların real fəaliyyətə və konkret nəticələrə çevrilməsinin vaxt tələb edəcəyini vurğulayıb. O, xüsusilə qlobal Şimal ölkələrində bu məqsədlərin həyata keçirilməsi üçün siyasi iradənin kifayət qədər olub-olmayacağı ilə bağlı narahatlığını ifadə edib.