SouthBridge Investments şirkətinin baş icraçı direktoru Franni Leotye Afrikadakı bizneslərə yönələn investisiyaların, xüsusilə də kapital qoyuluşlarının kifayət qədər olmadığını bildirib.
QHT.az xarici mediaya istinadən bildirir ki, o, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Banqkokda keçirilən illik toplantıları çərçivəsində çıxış edərək, Afrikaya daha çox investisiya yatırılmasının vacibliyini vurğulayıb.
Leotyenin sözlərinə görə, mövcud maliyyə imkanları çox vaxt bahalı və qısamüddətli olur. Xüsusilə infrastruktur layihələri üçün götürülən kreditlərin yüksək faizlə verilməsi və qısa müddətdə qaytarılmasının tələb edilməsi ciddi çətinliklər yaradır.
O hesab edir ki, investisiyaların daha düzgün strukturlaşdırılması, daha əlverişli şərtlərlə və uzunmüddətli maliyyələşdirmənin təmin edilməsi Afrikada biznesin inkişafına və infrastruktur layihələrinə daha çox sərmayə cəlb olunmasına kömək edə bilər.












