“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi oktyabrın 20-də “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

Mətbuat konfransında Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşayış üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, eləcə də həmin ərazilərdə çalışan və təhsil alan şəxslərin mina və partlamamış hərbi sursat təhlükələri barədə maarifləndirilməsi istiqamətində görülən işlər təqdim olunacaq.

Tədbirdə partlayıcı sursatlarla bağlı risklərin azaldılması, əhalinin təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və mina təhlükəsinə dair məlumatlılığın artırılması istiqamətində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin nəticələri barədə ətraflı məlumat veriləcək.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanovun yaydığı məlumata görə, mətbuat konfransında layihəyə ekspert qismində cəlb olunmuş, minatəmizləmə əməliyyatları zamanı mina partlayışından zərər çəkmiş minatəmizləyən də iştirak edəcək.

Mətbuat konfransı 20 oktyabr 2026-cı il tarixində saat 12:00-da Trend İnformasiya Agentliyinin Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 14 ünvanında yerləşən konfrans zalında keçiriləcək.

Tədbirə bütün kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunub.