Hazırda ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsi davam edir. İxtisas seçimi zamanı bəzi abituriyentlər qərar verməkdə çətinlik çəkərək bu işi mütəxəssislərə həvalə edirlər. Bu xidməti göstərən şəxslər isə ixtisas seçiminə görə 200-300 manat, hətta daha yüksək məbləğlər tələb edirlər. Bəs abituriyentin özünün və ya valideyninin edə biləcəyi ixtisas seçiminə görə yüzlərlə manat ödəmək nə dərəcədə doğrudur?

Bu barədə QHT.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, savadsızlıq insanların müəyyən xidmətlərə müraciət etməsinə səbəb olub:

“XX əsrin əvvəllərində, XIX əsrin sonlarında bizim yazarlarımız vardı ki, onlar – Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev – gələcəkdə bizi təsvir ediblər. İnsanlar savadsız olduğuna görə mirzələrə pul verirdilər, ərizə, məktub yazdırırdılar. Bu da eyni məsələdir və savadsızlığın gətirdiyi məqamdır”.

İqtisadçının sözlərinə görə, ixtisas seçimi xidməti göstərilirsə, bunun üçün ödəniş edilməsi normaldır:

“Təbii ki, ixtisas seçdirirsinizsə, o pulu ödəməlisiniz. Abituriyent ixtisas seçiminə gəlsə, mən ixtisas seçəndə deyəcəyəm ki, edim, ödənişi də alım. Savadlı adamlar da xidmət göstərir, tam normaldır, tam ədalətlidir. Abituriyent süni intellekt və rəqəmsallaşma dövründə, TQDK-nın bu cür maarifləndirməsi çərçivəsində yenə gedib öyrənmək istəmirsə, 200 manatı da artıq varsa, versin. İxtisas seçimi edənlər də yetərincə xidmət göstərirlər. Amma abituriyent ixtisasını özü, valideyni və ya müəllimi ilə birlikdə seçməlidir”.

Xalid Kərimli bildirib ki, abituriyent ixtisas seçimini özü həyata keçirə bilmirsə, bunun üçün xidmət göstərən şəxsə ödəniş etməsi əsaslandırılmışdır:

“Abituriyent özü o ixtisası seçə bilmirsə və buna qabiliyyəti çatmırsa, təbii ki, aparıb pulunu verməlidir. Tam əsaslandırılmışdır. Bu da qiyməti 200-300 deyəcəyik, 2000-3000 də olsa, 500 olsa, 100 olsa, 50 olsa, verə bilərlər”.

İqtisadçı vurğulayıb ki, söhbət konkret olaraq xidmətin qiymətindən deyil, xidmət göstərilməsindən gedir. Onun sözlərinə görə, ixtisas seçimi xidməti göstərən şəxslərin də bu sahədə müəyyən intellektual potensialı və biliyi var:

“Hazırda ixtisas yazanların intellektual qabiliyyəti var, bu sahəni öyrənirlər və orada da xidmət göstərirlər. Bu da əlavə xidmətdir və burada qeyri-adi heç nə görünmür”.

Fatimə Məmmədova