Pişik və it dişləmələri, eləcə də cızıqları ilk baxışdan zərərsiz görünə bilər. Lakin dəridə yaranan kiçik bir dəlik belə bakteriyaların orqanizmə daxil olması üçün kifayət edə bilər.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, Yoluxucu Xəstəliklər Mütəxəssisi, Dr. Aslı Özer pişik və it dişləmələri və cızıqları ilə bağlı mühüm xəbərdarlıqlar edib.

Mütəxəssis bildirib ki, yaranın ölçüsü hər zaman təhlükənin göstəricisi deyil. Heyvanların ağız və caynaqlarında olan mikroorqanizmlər dəridəki kiçik zədədən belə toxumalara keçə bilər. Xüsusilə dərin toxumalara çatan dişləmələr əvvəlcə kiçik yara kimi görünsə də, bir neçə saat ərzində infeksiyaya səbəb ola bilər.

Artan ağrı, qızartı, şişkinlik və həmin nahiyədə istiliyin yüksəlməsi infeksiyanın əsas xəbərdarlıq əlamətləri hesab olunur.

Pişik cızığı xəstəliyinə diqqət

Dr. Özer xüsusilə Bartonella henselae bakteriyasının səbəb olduğu pişik cızığı xəstəliyinə diqqət çəkib.

Onun sözlərinə görə, hər pişik cızığı bu xəstəliyə səbəb olmur. Lakin cızıqdan sonra həmin nahiyədə yara yaranır, ardınca limfa düyünlərində şişkinlik və həssaslıq, qızdırma və halsızlıq müşahidə olunursa, həkimə müraciət edilməlidir.

İnfeksiya zamanı yaranın ətrafında qızartı, şişkinlik, istilik artımı və ağrı yarana bilər. İrinli axıntı, qızdırma, güclü halsızlıq və qızartının yara ətrafındakı toxumalara yayılması isə daha ciddi infeksiyanın əlaməti ola bilər.

Mütəxəssis xüsusilə əl, barmaq, üz, ayaq və oynaq ətrafındakı zədələrin daha diqqətlə qiymətləndirilməli olduğunu vurğulayıb. İmmunitet sistemi zəif olan və bəzi xroniki xəstəlikləri olan şəxslərdə isə infeksiya riski daha yüksək ola bilər.

Bu səbəbdən pişik və ya it dişləməsi və cızığını “kiçik yara” kimi qiymətləndirib laqeyd yanaşmaq tövsiyə edilmir.