Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az-a bildirib ki, “Nümunəvi Valideynlik İnstitutu” layihəsi Ağcabədi, Xocavənd, Beyləqan və Füzuli rayonlarında həyata keçirilib. Hər rayonda iki mövzuda iki tədbir təşkil olunub.

Layihənin əsas mövzularından biri “Erkən Uşaqlıq Dövründə İnkişaf” olub. Şərqiyyə Dadaşova qeyd edib ki, uşaqlar gələcəyimizdir və onların düzgün tərbiyə və inkişafı cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Erkən uşaqlıq dövründə uşaqların inkişafına diqqət yetirmək vacibdir, çünki gələcək nəsillər cəmiyyətin keyfiyyətini müəyyənləşdirəcək.

"Layihə çərçivəsində 0-8 yaşlı uşaqların valideynləri maarifləndirilib. Onlar Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ) və Bəsləyici Qayğı Modelinin əsas komponentləri – düzgün qidalanma, sağlamlıq, uşağın ehtiyaclarına uyğun qayğı, təhlükəsiz və etibarlı mühit, erkən öyrənmə imkanları – haqqında məlumat alıblar. Həmçinin EUDİ-də ataların rolu da ətraflı izah olunub".

Şərqiyyə Dadaşova vurğulayıb ki, bu maarifləndirmə valideynlərin uşaqları ilə düzgün münasibət qurmasına və onların sağlam inkişafına dəstək olacaq:

"Layihə nəticəsində cəmiyyətdə sağlam ailələrin sayı artacaq və uşaq-valideyn münasibətlərində pozitiv dönüş yaranacaq".

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az