İstedadları Tanıyaq və Tanıdaq ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Parlaq ulduzlar – gənc istedadların tanıdılması” layihəsinin növbəti mərhələlərində bir sıra yeni fəaliyyətlərin icrası nəzərdə tutulur.
QHT.az xəbər verir ki, layihə rəhbəri Vüsalə Sadiqova (Qələndərli) bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq potensialının dəstəklənməsi və ictimaiyyətə təqdim olunmasıdır.
Qeyd edək ki, layihə çərçivəsində artıq Bakıda üç müsabiqə – rəqs, muğam və instrumental musiqi ifaçılığı üzrə təşkil olunub. Həmçinin Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində müsabiqə və mükafatlandırma mərasimi keçirilib. Yaxın günlərdə isə Bakıda “Uğura aparan yol” jurnalının təqdimatı baş tutacaq.
Layihələrin davamlılığını təmin etmək məqsədilə yeni mərhələlərdə aşağıdakı istiqamətlər üzrə fəaliyyətlər nəzərdə tutulur:
- Müxtəlif bölgələrdə seçim turları və müsabiqələrin təşkili;
- Gənclərin yaradıcılıq nümunələrinin işıqlandırılması üçün “Uğura aparan yol” jurnalının ictimaiyyətə təqdimatı;
- İstedadlı gənclərin təqdim olunacağı onlayn platformanın yaradılması;
- Tanınmış sənətkarların iştirakı ilə ustad dərsləri və seminarların keçirilməsi;
- Aztəminatlı, amma istedadlı gənclər üçün dəstək kampaniyaları,
- İştirakçıların işlərinin nümayişi üçün sərgilər və konsert proqramları;
- Seçilmiş gənclərin beynəlxalq festivallara və layihələrə qoşulması;
- Gənclərin inkişafında valideyn və pedaqoqların rolunu gücləndirmək məqsədilə maarifləndirici görüşlər.
Layihə rəhbərinin sözlərinə görə, yaxın dövrlərdə layihənin əsas istiqamətlərindən biri də istedadlı gənclər haqqında davamlı məlumatların ictimaiyyətlə paylaşılması və onların inkişafına birliyin könüllü müəllim komandası tərəfindən dəstəyin göstərilməsi olacaq.












