"2014-cü ilin ikinci yarısında dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına, onun tərkib hissəsi olan maliyyə-bank sisteminə mənfi təsir etdi. Devalvasiya- manatın xarici valyutalar qarşısında dəyər itirməsi vətəndaşlarımızın banklarla münasibətlərində gərginlik yaratdı. Xüsusilə də əmənatlərin banklardan geri çəkilməsi qarşısında 2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbulu maliyyə sabitliyinin və dayanıqlığının əldə olunmasına kömək etdi və institusional-hüquqi islahatlara təkan verdi".
QHT.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi Idarə Heyətinin sədri Zahid Oruc “Bank mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda çıxışı zamanı bildirib. O, həmçinin qeyd edib ki, əhalinin banklarla qarşılıqlı öhdəlikləri sahəsində yaranan problemlər yalnız əmənatlərin müəyyən hissəsinin sığortalanması, aktivlərin artırılması və sairlə həll oluna bilməzdi: "2015-ci ildə ölkə üzrə kreditləşmənin həcmi rekord səviyyədə- 21,7 milyard manat təşkil etmişdi. Devalvasiyadan sonrakı iki ildə isə kredit qoyuluşunun həcmi azaldı, çünki sistem yaradıcı qurum olan Beynəlxalq Bankın kreditlərinin digər quruma ötürülməsi və bankların iqtisadiyyata pul ayırmasının məhdudlaşdırması öz təsirini göstərdi. Xatırladaq ki, problemli kreditlər termininin daha çox işləndiyi və onun xüsusi çəkisinin artdığı zaman intervalı -2017-19-cu illərdə bank sektorunda kreditləşmənin həcmi 5 milyard manat, 2018-ci ildə 7,6 milyard manat, ümumilikdə, 2018-2019-cu illərdə 14,5 milyard manat təşkil edib ki, bunun da 8,1 milyard manata yaxını biznes kreditləri, 6,4 milyard manatı istehlak kreditləri olub".
Pərvanə Fərhadqızı












