Mənəvi dəyər sosial qrup və ya cəmiyyətin ortaq dünya görüşü, əxlaq normaları, məqsədləri və inanclarıdır. Bu dəyərlər cəmiyyət üzvlərinin doğru bildikləri, onlara və gələcəklərinə lazımlı olduğuna inandıqları, qəbul etdikləri ümumi anlayışdır. Milli mənəvi dəyərlərimizi xalqımız əsrlərlə qoruyub saxlamış və ona daimi sadiq olmuşdur. Bu dəyərlər bizim xalq kimi formalaşmağımıza təsir göstərir.

Xalqımız üçün ailə dəyərləri müqəddəsdir. Milli ailə modeli hər zaman millətimiz üçün bir ocaq sayılır. Bu ocağın sönməməsi üçün qadın və kişi adətlərə hörmət edər, ailədə əmin-amanlıq yaradar, ailənin namus-ismətini qoruyarlar. Hörmət, dəyər, sevgi, məsuliyyət, qayğı, sədaqət və digər anlayışlar ailənin təməlini təşkil edir. Təəssüf ki, bizə edilən müraciətlərdə bu dəyərlərin ailələrdə aşınmaya məruz qaldığını görürük. Kişi və qadın yoldaşı haqqında ağlasığmaz iftiralar yağdırır və düşünmürlər ki, bu iftiralar onların övladlarının taleyinə təsir göstərir, xüsusən də qız övladlarının.

Keçmişdə deyərdilər ki, kişi arvadını müzakirə etməz. Molla Nəsrəddinin lətifələrindən birində də Molladan arvadından nə səbəbdən ayrıldığını soruşanda, o cavab verir ki, əvvəl mənim arvadım idi deyə bilməzdim, indi o başqasının övrətidir, heç deyə bilmərəm.

Təəssüf ki, bəzən ailələrdə sevgi, hörmət, güvən, ümumi mənafe yerinə qısqanclıq, ikiüzlülük, xəyanət, eqoizm kimi mənfi davranışlar ortaya çıxır. Sədaqət, ədalət, şəfqət və mərhəmət hissi itdikcə, tərəflərin birlikdə yaşamağı mümkünsüz olur.

Bu səhər həyətimizdə yaşayan pişiyin öz balalarına qayğı göstərməsi, onları özü ac qalsa da əmizdirməsi və hər birini tumarlayaraq əzizləməsi diqqətimi çəkdi. Bu davranış heyvanlarda instinktivdir. Kaş bəzi evladlarını atan, onlardan imtina edən valideynlərdə də bu instinktdən azca da olsa olardı.

Ailənin xilası – başqasını özündən çox sevmək və sevdiklərini qorumaq, daima onları düşünməkdir. Qadının və kişinin müdrikliyi və sədaqəti ailəni hər zaman qoruyub saxlayır.

 

Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri