Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a verdiyi açıqlamada 13-cü Beynəlxalq Paxlava Festivalının əhəmiyyətindən bəhs edib. Festivalda Qərbi Azərbaycanın şirniyyatları və qədim tarixə malik paxlava növləri xüsusi diqqət çəkib:

"Festivalda Qərbi Azərbaycan guşəsində əncir paxlavası, üç qat paxlava, Xan Sarayı paxlavası kimi unikal şirniyyatlar nümayiş olunub. Şirniyyatlar üzərində Azərbaycanın və Türkiyənin bayraqları əks olunaraq milli dəyərlərə vurğu edilib. Guşənin dizaynı və təqdim edilən məlumatlar iştirakçıların böyük marağına səbəb olub. Qərbi Azərbaycan stendində Vəsilə Əkbərovanın reseptləri ilə hazırlanan şirniyyatlarla yanaşı, rəssam Nigar Əliyevanın əsərləri də nümayiş etdirilib. Onun buta və kəlağayı ornamentləri ilə bəzədilmiş rəsmləri milli irsin gözəlliyini vurğulayıb. Festivalın rəsmi hissəsində Türkiyə və Azərbaycanın tanınmış şirniyyat şirkətləri, o cümlədən “Güllüoğlu” və “Rəmzioğlu” şirkətlərinin rəhbərləri çıxış ediblər. Tədbir çərçivəsində musiqili proqram, uşaqların rəqs ansamblı və Aybəniz Haşımovanın rəhbərliyi ilə ansamblın çıxışları festivalın maraqlı məqamlarından olub".

İradə Rizazadə bildirib ki, belə festivallar Azərbaycanın milli mətbəxinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. O, ermənilərin Azərbaycan mətbəxinə aid yemək və şirniyyatları mənimsəmə cəhdlərinə toxunaraq, belə tədbirlərin milli dəyərlərimizi beynəlxalq aləmdə qorumaq üçün önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, festival çərçivəsində xarici qonaqlara Qərbi Azərbaycan paxlavasının dadı və tarixi haqqında ətraflı məlumat verilib. Festival həm yerli, həm də beynəlxalq iştirakçıların böyük marağına səbəb olub.

 

 

Pərvanə Fərhadqızı

QHT.az