Nailə İsmayılova: "Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yükləri daha tez və təhlükəsiz şəraitdə Xankəndiyə çatdıra bilər, nəinki İrəvandan"
"Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi beynəlxalq nüfuza malik olsa da, Ermənistanın cılız manipulyasiya alətinə çevrilib: "Beynəlxalq Qırmızı Xaç Komitəsinin emblemi altında yük və təcili tibbi yardım maşınlarının Laçın postunda yoxlanılması zamanı onların içərisində qaçaqmalçılıqla keçirildiyi aşkar olunan benzin, siqaret, mobil telefon qutularının olması faktdır ki, bunu danmaq mümkün deyil. Hətta bu günlərdə Laçın postunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobildə 1991-ci ildə Meşəli soyqırımını törətmiş müharibə cinayətkarlarından biri olan Vaqif Xaçaturyan aşkar edildi. Təbii ki, biz də Meşəli soyqırımı qurbanlarının beynəlxalq ictimaiyyətə açıq məktubunda yer alan fikirləri dəstəkləyirik. Müharibə zamanı soyqırım törədərək əli günahsız insanların qanına batmış cinayətkarları müdafiə edərək ona sığınacaq yeri olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiya və fəaliyyətini ciddi qəbul edən biz - vətəndaş cəmiyyətinin üzvləri adıçəkilən komitəyə necə xoşməramlı münasibət bildirə bilərik? Biz açıq məktubdakı bütün tələblərimizi haqlı hesab edirik.
Yeri gəlmişkən, Qarabağ Azərbaycan ərazisidir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yükləri daha tez və təhlükəsiz şəraitdə Xankəndiyə çatdıra bilər, nəinki İrəvandan".












