Dekabrınn 8-də Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, QHT-lərin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev insan hüquqları sahəsində Ümummilli lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qanunvericilik və institusional islahatları özündə əks etdirən xüsusi əhəmiyyətə malik sənəd olduğunu bildirib. Onun sözlərinə görə, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir. Həbib Abdullayev bu sənədin ölkəmizdə demokratik institutların formalaşması prosesini sürətləndirdiyini, yeni üçpilləli məhkəmə sisteminin, Konstitusiya nəzarətinin, ombudsman kimi yeni təsisatın yaradılaraq insan hüquqları sahəsində irəliyə doğru mühüm addımların atıldığını vurğulayıb:

“44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərindən sonra insan hüquqlarının müdafiəsi sahəsində yeni era başlayıb. BMT İnsan Hüquqları Məhkəməsinə, Avropa Məhkəməsinə və digər beynəlxalq məhkəmələrə iddialar təqdim olunub və icra prosesi gedir. Azərbaycan dövlətinin hazırda qarşısında duran əsas məsələ məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını təmin etməkdir. Azərbaycan bundan sonra da beynəlxalq səviyyədə insan hüquqları sahəsində əsas təşəbbüslərin müəlliflərindən biri kimi çıxış edəcək”.