“Bu il maarifləndirmə tədbirlərimiz müxtəlif istiqamətlərdə olub. Eşitmə məhdudiyyətli şəxslər hər zaman informasiya balansının azlığından əziyyət çəkirlər. Təşkilat olaraq hər zaman çalışırıq ki, bu istiqamətdə onlara daima yardım edək. Elə bu il icra etdiyimiz bir çox layihələr məhz buna fokslanıb”.

Bu sözləri "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İcbari Tibbi Sığortanın eşitmə məhdudiyyətli şəxslər üçün əlçatanlığının təmin edilməsi istiqamətində İTS-da Jest dilində məlumat bazası yaradılıb, video QK-lu buklet və kitapçalar çap edilib, 400-dən çox tibb müəssisələrinə təhvil verilib: “Bununla da İcbari Tibbi Sığortanın eşitmə məhdudiyyətli şəxslərə əlçatan olmasını qismən təmin etmiş olduq. Həmçinin muzeylərə turlar təşkil edirik. Muzey tədbirlərimizdən birini eşitmə məhdudiyyətlilər həftəsi ərəfəsində təşkil olunub. Suraxanı Gəmi Muzeyi tərəfindən təşkilatımız üçün keçirilən tədbirə hazırlıq iki ay davam edib. Suraxanı gəmi muzeyində olan video roliklər təşkilatımız tərəfindən Jest dilinə tərcümə edilib. Təşkilatımızın bir gəncinə Jest dilində ekursiya keçməsi üçün təlimlər təşkil edildi ki, bu da eşitmə məhdudiyyətli gənclərimizin ekskursiya zamanı Jest dilində məlumatların almasında dəstək oldu”.

Qeyd edək ki, dekabrın 21-də Pasiyent Təşkilatları İttifaqının Təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının III Respublika Forumunda "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyininin sədri Cəmilə Abdulova "Eşitmə, "Nitq məhdudiyyətli insanların sosial inteqrasiyası və müalicələrində yaşanan çətinliklər" və Mərkəzi Klinik Xəstəxanasının qulaq burun, boğaz cərrahı Dr. Tural Hüseynov "Eşitmə məhdudiyyətli insanlarda koxlear implantasiya" mövzusunda çıxış ediblər.

 

Pərvanə Fərhadqızı