“Davamlı maliyyənin olmaması İctimai Birliyin nəzdində 2013-  cü ildən etibarən “İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya reinteqrasiya mərkəzində (sığınacaq)” göstərilən sosial xidmətlərin keyfiyyətinə bilavəsitə təsir edir. “Təmas – Sərvi” sosial müəssisənin yaradılması və fəaliyyətə başlaması sığınacaqda yaşayan qadın və uşaqların həyat şəraitinin yaxşılaşdırılması, sığınacağın icarə, kommunal xərclərinin ödənilməsi, ərzaq təminatı ehtiyaclarının ödənilməsinə bilavasitə köməklik göstərə bilər. Həmçinin sığınacaqda qalan qadınların məşğullugunun təmin edilməsi, onların dərzi peşəsinə yiyələnmələri üçün yaxşı imkanlar yarada bilər”.

Bu fikirləri “Təmas” Regional İnkişaf İctimai Birliyinin icraçı direktoru Kübra Ələkbərova QHT.az- a açıqlamasında bildirib. Əsas fəliyyət istiqamətlərinə gəlincə Kübra Ələkbərova qeyd edib ki, insan alveri və Potensial insan alveri qurbanlarına hüquqi - psixoloji yardımların göstərilməsi, zorakılıqdan əziyyət çəkən qadın və uşaqların təhlükəsiz sığınacaqla təmini, gender əsaslı zorakılıqla mübarizə, insan hüquqları, erkən nikahların qarşısıının alınması, məişət zorakılığı və repreduktiv sağlamlıgın qorunması ilə bağlı tədbirlərin və maarifləndirmə işlərinin təşkili, hüququ pozulmuş, zorakılığa məruz qalmış həssas vəziyyətdə olan qadın və uşaqlara hüquqi və psixo-sosial  yardımların göstərilməsi və ictimai müvəkillik işinin təşkili, təhsilə və işə bərpa, tibbi müainənin təmini, sənədsiz şəxslərin sənədlərinin düzəlməsinə yardım təşkilatın fəaliyyətinə aiddir: “2023-cü ilin yanvar-noyabr ayları ərzində mərkəz və sığınacağın fəaliyyətindən ümumi olaraq 1200 nəfərdən çox qadın və uşaq  bəhrələnib. 376 nəfər qadın və uşaq sığınacaqda məskunlaşdırılıb.  Bundan 18 nəfəri insan alverinin qurbanı, 6 nəfər insan alverinin ehtimal olunan qurbanı, 358  nəfəri isə  insan alverinin potensial qurbanları olub. Onlardan 132 nəfəri qadın, 244 nəfəri isə uşaq olub (106 qız, 138  oğlan). Birbaşa və  qaynar xətt vasitəsilə  893  nəfər (714 qadın, 179 kişi)  müraciət daxil olub. 357 qadın hüquqi, 278 nəfər (146 qadın, 132 uşaq)  isə  psixoloji yardımla təmin olunub. Hesabat ərzində Sığınacağa daxil olan Gəncə qeydiyyatında olan 157 qadın və uşaq (71 qadın, 86 uşaq) tibbi müayinəyə istiqamətləndirilib. 74 qadın işlə təmin edilib, 5 qabyuyan, 17 qadın dayə, 15 qadın təmizləyici, 5 qadın dərzi, 4 qadın çörək sexində,  14 qadın satıcı, 2 aşbaz, 7 qadın isə istixanada, 2 qadın qadın bərbəri, 3 qadın taxi şirkətində operator işi ilə təmin olunub. 71 uşaq (38 oğlan , 33 qız) təhsilə bərpa olunub, 41 uşaq (23 oğlan, 18 qız) məktəbəqədər təhsil müəssisəsinə istiqamətləndirilib. 93  qadına ünvanlı sosial müavinətin alınmasında məsləhətlər verilib. 34 qadın sosial müavinət almağa başlayıblar”.

 

 

Pərvanə Fərhadqızı