Bu gün Holiday İnn otelidə “Azərbaycan: vətəndaşların qlobal iqlim dəyişmələri ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində “Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda konfrans keçirilir.
Konfrans İsveçrə Səfirliyi/İsveçrə Əməkdaşlıq Ofisinin dəstəyi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən keçirilir.
Konfrası açılış nitqi ilə SBİİYF prezidenti Sabit Bağırov, İsveçrə Səfirliyi/İsveçrə Əməkdaşlıq Ofisi nümayəndəsi Zahir Əhmədov, QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin nümayəndəsi Səməd Vəkilov çıxış edib.
Tədbirdə PA-nın QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də iştirak edib. Xatırladaq ki, bir müddət əvvəl – 2023-cü il noyabrın 7-də QHT-lərin forumunda T.Əliyev QHT-lərə müraciət edərək xarici donorlarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq bildirişi olmadan heç bir əməkdaşlıq qurmamağa çağırmışdı.
Əldə etdiyimiz məlumata görə, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu bu layihə ilə əlaqədar xarici donordan maliyyəsini məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında alıb, layihə xidməti müqavilə ilə deyil.
Bundan başqa, layihə COP29 ilə əlaqədar ölkəmizin dünya miqyaslı tədbirə ev sahibliyi edəcəyi ildə qlobal iqlim dəyişiklikləri kimi olduqca aktual mövzuya həsr edilib.
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov layihəyə verilən hərtərəfli dəstəyə görə, dövlət qurumlarına minnətdarlıq edib.
Konfrans panel müzakirələr ilə davam edir.












