Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə 1 illik "gizirlik" kursunu tamamlayaraq XTQ tərkibində xidmət etməyə başlayıb. 2015-2019-cu illərdə Türkiyə Respublikasında baş tutan bir sıra təlim və kurslarda iştirak edib. Zahir Feyzullayev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 20-də Xocavəndin Tuğ kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Zahir Feyzullayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!












