İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində ``Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması`` adlı qrant layihəsi icra etməkdədir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində “Sosial müdafiəyə insan hüquqları yanaşması” adlı araşdırma hesabatı Azərbaycan dilinə tərcümə edilərək 300 nüsxədə nəşr olunub. Araşdırma sosial müdafiə proqramlarının insan hüquqlarına təsirlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir və sosial təhlükəsizlik üçün insan hüquqları çərçivəsinin yaradılmasında önəmli rol oynayıb.
Müəlliflər ifrat yoxsulluq və insan hüquqlarının həyata keçirilməsi arasında əlaqəni araşdırır. Sosial müdafiə sistemləri xəstəlik, əlillik, analıq, əmək xəsarəti, işsizlik, qocalıq, ailə üzvünün ölümü səbəbindən ümumi yoxsulluq və sosial təcrid vəziyyətlərində olan, həmçinin səhiyyə, təhsil və digər xidmətlərə görə xərclərin öhdəsindən gələ bilməyən bütün insanları yoxsullaşma risklərindən qorumalı olan öhdəlik kimi nəzərdən keçirilir. Hesabat müəlliflərinin fikrincə, insan hüquqları yanaşması yoxsulluğun azaldılmasında sosial müdafiə sistemlərinin effektivliyini maksimuma çatdırmağa imkan verir.
Qeyd edək ki, Azərbaycanda da sosial müdafiənin insan hüquqları perspektivindən sistemli müzakirələrinə ciddi ehtiyac var. Nəşr ölkədə bu sahədə çalışan dövlət və qeyri-dövlət iştirakçılarını, o cümlədən media və vətəndaş cəmiyyəti təşkilatlarını sosial müdafiəyə insan hüquqları aspektindən yanaşmalarla tanış etmək və bu istiqamətdə müzakirələrə təkan vermək məqsədi daşıyır.
Nəşri elektron şəkildə aşağıdakı linkdən əldə edə bilərsiniz:
Sosial müdafiəyə insan hüquqları yanaşması
Pərvanə Fərhadqızı












