CBC TV Azerbaijan telekanalında yayımlanan verilişdə çıxışı zamanı Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilən görüşündən və sülh dialoqunun əhəmiyyətindən danışıb.

QHT sədri bildirib ki, bu cür təşəbbüslər postmünaqişə dövründə xalqlar arasında qarşılıqlı etimadın və anlayışın formalaşması üçün mühüm addımdır:

“Biz uzun illər bir-birimizdən uzaq düşmüş xalqlarıq. İndi məqsədimiz nifrəti deyil, anlayışı və empatiyanı gücləndirməkdir. Sülh təkcə sənədlərlə deyil, insanların qəlbində bərqərar olmalıdır. Sülh prosesi yalnız siyasi və diplomatik səviyyədə deyil, vətəndaş cəmiyyəti, gənclər və sosial qruplar səviyyəsində də dəstəklənməlidir. İrəvanda keçirilən görüşlər göstərdi ki, tərəflər dialoqa açıqdır. Bu, yeni mərhələnin başlanğıcıdır və biz bu prosesin davamlı olması üçün çalışmalıyıq.”

Sədr sonda qeyd edib ki, bu gün vətəndaş cəmiyyəti qarşısında mühüm vəzifələr dayanır:

“Artıq 30 ildən artıqdır ki, münaqişə davam edib, torpaqlarımız artıq qayıdıb, sülh məsələ gündəmdədir və insanlar hələ də müharibənin izlərini unutmamışlar. Əhali ilə davamlı maarifləndirici və etimad qurucu işlər aparmaq lazımdır. Heç kim müharibə istəmir, yetərincə şəhid vermişik. Eləcə də, qarşı tərəfdəki insanlar da eyni hissləri yaşayır. Buna görə də biz sülhün möhkəmlənməsi üçün bir-birimizi anlamalı, inam yaratmalı və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün zəmin formalaşdırmalıyıq. Bunun üçün zaman, səbr və davamlı dialoq vacibdir.”

Pərvanə Fərhadqızı