Gənclər və İdman Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Qərbi Azərbaycan İcması, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 22-24 dekabr 2023-cü il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı gənclər düşərgəsi keçiriləcək.
QHT.az xəbər verir ki, məqsəd ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.
Düşərgədə “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyini təmsil edən 100 nəfər könüllü iştirak edəcək.
R.İmanov












