Xocalıda dinc azərbaycanlıları qətlə yetirən erməni cəlladı Azərbaycan sərhədçiləri tərəfindən həbs olunub.

QHT.az xəbər verir ki, 29 iyul 2023-cü il tarixdə terrorist Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın postunda saxlanılıb. Qeyd olunur ki, 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarışa verilib, onun haqqında həbs qətimkan tədbiri seçilib. O, 25 nəfər Xocalı sakinini öldürüb, 14 nəfəri yaralayıb, 350-dən çox Azərbaycanlını öz dədə- baba torpaqlarından didərgin salıb, həm dövlətə, həm də kənd sakinlərinə 5 milyondan çox maddi ziyan vurub.

“Azərbaycanın iradəsi ortadadır. Biz bu məsələləri bəyan etmişik. 1991-ci ildə baş vermiş hadisəyə 1992-ci ildə cinayət işi açılmışdı. Üstündən uzun müddət keçməyinə baxmayaraq, şəxsin həbs olunması Azərbaycanın qətiyyətli iradəsi, mövqeyidir. Eyni zamanda ədalətin təntənəsidir”.
Bu sözləri Müasir İnkişaf  Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az –a açıqlamasında bildirib. O, qeyd edib ki, bu proseslər davam edəcək: “Azərbaycanın Baş Prokurorluğu və aidiyyati qurumlarında azərbaycanlılara qarşı soyqırım törətmiş ermənilərin, cəlladların siyahısı var. Gələcəkdə də bu siyahı üzrə cəzası olanlar cəzalandırılacaq. Onlar beynəlxalq axtarışa veriliblər, ələ keçirilib, həbs olunub, Azərbaycan xalqının mühakiməsinə çıxarılacaq”.

 

Pərvanə Fərhadqızı