“Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili” layihəsi çərçivəsində YAP Tərtər Rayon Təşkilatının inzibati binasında  keçirilən tədbirə 25 nəfər Tərtər rayon sakini qatılıb.

QHT.az xəbər verir ki, tədbirdə “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı iştirakçılara məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi cəbhəyanı regionda sülh quruculuğu və birgə yaşayış sahəsində müzakirələrin təşkili ilə ictimai rəyin öyrənilməsidir”.

Daha sonra çıxış edən layihənin eksperti Rafiq Muradov bildirib ki, Azərbaycan ən ali səviyyədə sülhə hazır olduğunu, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən ermənilərin bütün hüquqlarının tanınacağını bəyan edib: “İctimai müzakirə zamanı təmas xəttində illərlə atəş altında yaşayan insanların Ermənistanla sülhü necə gördükləri, ermənilərlə birgəyaşayış üçün təkliflərinin necə olması, gələcəkdə təkrar münaqişənin yaşanmaması üçün həyata keçirilməsi vacib olan addımlarla bağlı iştirakçıların fikirləri maraqlı olacaq”.

Sonda aparılan müzakirələrdə Tərtər rayon sakinləri regionda sülhə nail olması və ermənilərlə birgəyaşayışın mümkün olub-olmaması ilə bağlı fikirlər səsləndiriblər.

 

Pərvanə Fərhadqızı