ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” təliminin bağlanış mərasimi olub. Təlimdə son illər yaranmış 100-ə yaxın QHT iştirak edib. 

 

QHT.AZ xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının  Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev qeyd edib ki, QHT ailəsinə yeni qoşulan təşkilatların bilik və bacarıqlarını artırmaq yolu ilə rəqabət mühiti formalaşdırması təqdirəlayiqdir: “Bu gün Azərbaycan vətəndaş cəmiyyəti yetkindir, onun sıraları möhkəmdir. Bununla belə inkişafın əsas hərəkətverici qüvvəsi mütərəqqi ideyadır - yeni fikirlər, innovasiyalar, təşəbbüslərdir.


Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş müstəqil Azərbaycan Respublikası inkişafının yeni mərhələsinə qədəm qoyub. Dünənə qədər aktual olan çox mövzular, məsələlər köhnəlib və ya əhəmiyyətini itirib. İndi yeni çağırışlar var. Azərbaycan QHT-lərindən bu prosesdə fəallıq, təşəbbüskarlıq, innovativlik gözləyirik”.