"Venesueladakı hadisələr bəzi hallarda enerji bazarına müsbət, bəzi hallarda isə mənfi təsir göstərə bilər. Bizim kimi ölkələr üçün bu təsir xüsusilə əhəmiyyətlidir. Hazırda Venesuela dünyanın ən böyük neft ehtiyatına malik ölkələrdən biridir və uzun müddət embarqo altında olub. Əgər müəyyən müddət ərzində Venesuela nefti dünya bazarına daxil olarsa, bu, sözsüz ki, neft qiymətlərinin enməsinə səbəb ola bilər".

Bu fikirləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib. QHT sədri bildirib ki, bəzi ölkələr üçün bu hadisə ümumdünya iqtisadiyyatı baxımından müsbət ola bilər. Məsələn, texnologiya istehsalçıları üçün xammalın qiymətinin ucuzlaşması Çin kimi dövlətlərin inkişafına imkan verəcək, Avropa İttifaqı da bu vəziyyətdən faydalana bilər:

"Digər tərəfdən, İran məsələsi də nəzərə alınmalıdır. Neft ixrac edən ölkələr üçün qiymət dəyişiklikləri müəyyən təsir yarada bilər, çünki gəlirləri neft qiymətindən asılı olan ölkələr, bizim kimi, bu dəyişiklikdən birbaşa təsirlənir. Ümumilikdə isə neftin qiymətinin ucuzlaşması dünya iqtisadiyyatı üçün müsbət olacaq, ölkə iqtisadiyyatını dəstəkləyəcək və ciddi inflyasiyanın qarşısını almağa kömək edəcək".

 

Pərvanə Fərhadqızı