Azərbaycanlı mediatorlar Moldovada beynəlxalq konfransda iştirak edəcək
28-29 may 2025-ci il tarixində “Moldova Respublikasında əməkdaşlıq vasitəsilə mediasiyanın təşviqi” Beynəlxalq Konfransı keçiriləcək. 2 günlük bu Konfrans mediasiya sahəsində praktika və qabaqcıl təcrübələrini bölüşmək məqsədi ilə ədliyyə sektorundan olan mütəxəssislər, mediatorlar, ekspertlər və Moldova və digər Avropa ölkələrinin milli institutlarının nümayəndələrini bir araya gətirəcək.
QHT.az xəbər verir ki, Konfransın məqsədi 2022-2025-ci illər üçün ədliyyə sektorunun müstəqilliyinin və bütövlüyünün təmin edilməsi üzrə Strategiyada müəyyən edilmiş mühüm məqsəd olan alternativ mübahisələrin həlli mexanizmi kimi mediasiyanı gücləndirmək və təşviq etməkdir.
Həmçinin İtaliya Respublikası və Moldova Respublikasının Ədliyyə nazirlikləri arasında əməkdaşlıq sazişinin imzalanması mərasiminin də keçiriləcəyi Konfransda Azərbaycan Respublikası Mediasiya Şurasını Şuranın üzvləri, mediatorlar - hüquq elmləri doktoru, professor Fərhad Mehdiyev və Şuranın İntizam Komissiyasının üzvü Esmira Rzayeva təmsil edəcək.