15 Sentyabr – Bilik Günü Azərbaycanda təhsilin və məktəbin cəmiyyət həyatındakı rolunu bir daha gündəmə gətirən mühüm tarixdir. Son illərdə ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı təmiri, müasir tədris imkanlarının genişləndirilməsi istiqamətində ciddi işlər görülüb.

Təhsil eksperti Şəmsi Qocayev QHT.az-a açıqlamasında qeyd edib ki, bu siyasətin əsasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilən təhsilə dövlət qayğısı dayanır.

"Bu gün əsas məsələ yalnız məktəblərin maddi-texniki bazasını yaxşılaşdırmaq deyil, həm də təhsilin keyfiyyətini daha da yüksəltməkdir. Müasir məktəb şagirdə yalnız dərslikdəki bilikləri verməməli, onu müstəqil düşünməyə, araşdırmağa, düzgün qərar qəbul etməyə, rəqəmsal dünyada özünü qorumağa və cəmiyyət üçün faydalı vətəndaş olmağa hazırlamalıdır. Buna görə də yeni tədris ilində təhsilin keyfiyyəti, müəllimin peşəkarlığının artırılması, şagirdlərin fərdi imkanlarının nəzərə alınması və məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi xüsusi diqqətdə saxlanılmalıdır.

Qarşıda duran əsas çağırışlardan biri də təhsildə formal nəticələrlə real bilik arasındakı fərqin aradan qaldırılmasıdır. Şagirdin yüksək qiymət alması ilə yanaşı, həmin biliyi həyatda tətbiq edə bilməsi, məntiqi düşünməsi və öz fikrini sərbəst ifadə etməsi də əsas göstəriciyə çevrilməlidir. Eyni zamanda kənd və şəhər məktəbləri arasında imkan fərqlərinin daha da azaldılması, ucqar bölgələrdə təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir texnologiyalardan səmərəli istifadə vacib məsələlərdəndir.

Müəllimə mesajım budur ki, müəllim yalnız bilik verən şəxs deyil, həm də şəxsiyyət formalaşdıran insandır. Şagirdin yaddaşında bəzən müəllimin keçdiyi dərsdən daha çox onun münasibəti, verdiyi inam və göstərdiyi nümunə qalır. Müəllimin nüfuzu isə yalnız biliyi ilə deyil, ədaləti, məsuliyyəti, səbr və şagirdə münasibəti ilə də müəyyən olunur.

Şagirdlərə isə demək istərdim ki, biliyə yalnız qiymət və imtahan üçün vasitə kimi baxmasınlar. Öyrənmək insanın gələcəyinə etdiyi ən böyük sərmayədir. Qarşılarında çox böyük imkanlar var və həmin imkanlardan istifadə etmək üçün ilk növbədə zəhmət çəkmək, oxumaq, araşdırmaq və özlərinə inanmaq lazımdır.

Bilik Günü münasibətilə bütün müəllimlərimizi, şagirdlərimizi və valideynləri təbrik edir, yeni tədris ilinin ölkəmizin təhsil həyatında uğurlu və məhsuldar bir mərhələ olmasını arzulayıram. Ən böyük məqsədimiz yalnız savadlı deyil, həm də vətəninə, dövlətinə və xalqına bağlı, müasir düşüncəli və məsuliyyətli gənc nəsil yetişdirmək olmalıdır"- deyə Şəmsi Qocayev qeyd edib.