ABŞ-ın Northwestern Universitetində çalışan mühəndislər havada yüksək sürətlə fırlanaraq insan gözü üçün demək olar ki, görünməz hala gələn “Phantom Twist” adlı prototip dron hazırlayıblar.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, dronun əsas xüsusiyyəti hərəkət bulanıqlığı effektindən istifadə etməsidir. Sürətlə hərəkət edən obyektin görüntüsü insan gözü tərəfindən bir anda deyil, müəyyən zaman aralığında qəbul edildiyindən onun konturları bulanıqlaşa bilir.

“Phantom Twist” məhz bu prinsip əsasında hazırlanıb. Dronun pervanəsi və gövdəsi əks istiqamətlərdə fırlanır. Nəticədə yüksək sürətli hərəkət zamanı dronun aydın konturlarını insan gözünün seçməsi çətinləşir.

Məlumata görə, mühəndislər dronun dizayn prosesində süni intellektdən də istifadə ediblər.

Bu yanaşma ənənəvi kamuflyaj və yansıtıcı səthlərdən fərqli olaraq, obyektin görünüşünü fiziki olaraq gizlətmək əvəzinə insan görmə sisteminin xüsusiyyətlərindən istifadə edir.