Qara yerkökü və şalğam suyu üzərində aparılan araşdırmada onların tərkibindəki bəzi maddələrin xərçəng hüceyrələrinə təsiri öyrənilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqat Prof. Dr. Mahmut Doğanın rəhbərliyi ilə hazırlanmış doktorluq dissertasiyası çərçivəsində həyata keçirilib. Araşdırmada qara yerköküyə bənövşəyi-qırmızı rəng verən antosiyanin birləşmələri xüsusi diqqət mərkəzində olub.

Laboratoriya şəraitində aparılan təcrübələr zamanı bu birləşmələrin yoğun bağırsaq və qaraciyər xərçəngi hüceyrələrinin çoxalmasını azaltmağa təsir göstərə bildiyi müşahidə edilib. Əldə olunan nəticələrin beynəlxalq elmi jurnallarda dərc edildiyi bildirilib.

Şalğam suyundakı bakteriya da araşdırılıb

Araşdırmanın digər mərhələsində qara yerkökü tərkibli şalğam suyu öyrənilib. Tədqiqatçılar şalğam suyundan təxminən 50-55 müxtəlif süd turşusu bakteriyası təcrid ediblər.

Bu bakteriyalar arasından seçilən Lactobacillus brevis ştammının laboratoriya şəraitində xərçəng hüceyrələrinə təsiri qiymətləndirilib. Nəticələrdə bakteriyanın həm nazik, həm də yoğun bağırsaq xərçəngi hüceyrələrinin sayında 90-95 faizə qədər azalma ilə əlaqəli olduğu müşahidə edilib.

Mütəxəssislərdən mühüm xəbərdarlıq

Alimlər vurğulayırlar ki, əldə olunan nəticələr hələlik yalnız laboratoriya tədqiqatları çərçivəsində qiymətləndirilməlidir. Bu nəticələr qara yerkökü, şalğam suyu və ya onların tərkibindəki maddələrin xərçəng müalicəsi kimi qəbul edilməsi anlamına gəlmir.

Tədqiqatçıların fikrincə, nəticələrin təsdiqlənməsi üçün növbəti mərhələlərdə heyvan modelləri və insan iştirakçıları ilə aparılan klinik sınaqlara ehtiyac var.