2-ci Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Şəhərsalma nəzarətinin elektron sisteminin yaradılması” layihəsinin təqdimatı keçirilib.
QHT.az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində 29 sentyabr-1 oktyabr tarixlərində Zəngilan və Bakı şəhərlərində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.
Forumun açılış mərasimi 29 sentyabr tarixində Zəngilan şəhərində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə baş tutub. Forumun Bakıda davam edən ikinci günündə BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə icra edilən “Şəhərsalma nəzarətinin elektron sisteminin yaradılması” layihəsinin təqdimatı keçirilib. “Şəhərsalma nəzarətinin elektron sisteminin yaradılması” layihəsinin əsas məqsədi şəhərsalma üzrə elektron nəzarət sisteminin yaradılması, peyklər və pilotsuz uçuş aparatları vasitəsilə əldə edilmiş ərazilərin müvafiq təsvirlərindən istifadə etməklə baş verən tikinti və söküntü fəaliyyətlərinin operativ şəkildə aşkar edilməsi və avtomatik olaraq bu halların qanuniliyinin yoxlanılması, özbaşına tikinti və ya söküntü halı müəyyən edildiyi zaman müvafiq tədbirlərin görülməsi, bu sahədə əhalinin maarifləndirilməsi, habelə şəhərsalma və tikinti fəaliyyətlərinə nəzarətin daha da gücləndirilməsidir.
Pərvanə Fərhadqızı












