38 illik ömrünün 21 ilini Vətənə xidmətə həsr edən, peşəkar kəşfiyyatçı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi - Ruslan Fuad oğlu Tağıyev

 

Şəhid polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlu 1982-ci il iyun ayının 12-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub.

  • 1988-ci ildə İsmayıllı rayonunun 1 saylı orta məktəbinə daxil olub. 1989-cu ildə İsmayıllı rayonunun 3 saylı orta məktəbində təhsilini davam etdirib, 1999-cu ildə həmin  məktəbi  bitirib.
  • 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2003-cü ildə həmin  məktəbi “Qoşun kəşfiyyatı” ixtisası üzrə bitirib. 
  • 2003-2004-cü illərdə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində dinləyici, ardınca müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə taqım komandiri, kəşfiyyat bölüyünün komandiri, kəşfiyyat bölmə rəisinin köməkçisi və kəşfiyyat bölməsinin rəisi vəzifələrində xidmət edib.
  • 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasına təhsilini davam etdirib. 2014-cü ilin iyul ayından 2017-ci ilin fevral ayına qədər Şəmkir korpusunda “N” saylı hərbi hissənin kəşfiyyat  rəisinin kəşfiyyatın planlaşdırılması üzrə baş köməkçisi vəzifəsində  xidmət edib.
  • 2017-ci ilin 20 fevral taixindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat idarəsinin baş zabiti vəzifəsinə təyinat alıb.
  • Polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyev 2019-cu ildə hərbi biliklərini artırmaq məqsədilə ikili razılaşma əsasında Çinin Pekin şəhərində təhsilini davam etdirib və “Çin Xalq Qurtuluş Ordusunun Milli Müdafiə Akademiyası”nın 68-ci ali komandanlıq kursunu uğurla bitirib. 
  •  Xidmət etdiyi dövr ərzində hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları ilə bir sıra təltifləri olmuşdur. 

Təltifləri:

  • "Qüsursuz xidmətə görə" l dərəcəli medalı(2020)
  • III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
  • III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
  • "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

 

   Azərbaycan ordusunun kəşfiyatçı polkovnik-leytenantı Ruslan Tağıyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Tərtər, Kəlbəcər, Suqovuşan, Qubadlı, Laçının işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı rəhbərlik etdiyi bölmələrə yüksək peşəkarlıqla başçılıq etmiş, düşmənin xeyli canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində şəxsən fədakarlıq və rəşadət göstərmişdir. Döyüş şəraitində düşmənin saysız-hesabsız strateji obyektlərinin koordinatlarının dəqiq müəyyən olunub vaxtında məhv edilməsində misilsiz xidmətləri olmuşdur.

 

    Ruslan Tağıyev noyabrın 4-də Laçın uğrunda gedən gərgin döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Vətən uğrunda canını fəda edən, 38 illik ömrünün 21 ilini Vətənə xidmət edən igid zabitimiz  Ruslan Tağıyev II Fəxri Xiyabanda dəfn edilib. Özündən sonra Vətənə Fuad, Polad və Nuray adlı övladlarını əmanət edib.

 

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev "Vətən uğrunda" medalı (ölümündən sonra ),  18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı (ölümündən sonra), 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif edilmişdir