Salyanda “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Rayon Ziyalıları Cəmiyyətinin sədri Allahverdi Piriyev bildirib ki, tədbirdə əsas diqqət adət və mərasimlərin cəmiyyətin inkişafına uyğun şəkildə tənzimlənməsinin vacibliyinə yönəlib: Əvvəla, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bu mühüm layihədə Salyan rayon ziyalıları adından hər kəsi salamlayıram. Akif müəllimə belə aktual məsələyə diqqət ayırdığı və bu mövzuda müzakirələrin aparılmasına şərait yaratdığı üçün təşəkkürümü bildirirəm.

A.Piriyevin sözlərinə görə, dinlə adət-ənənələri bir-birindən fərqləndirmək və zamanla formalaşan mərasimlərə yeni yanaşmaq lazımdır: Burada çox mühüm məsələlərə toxunuldu. Mən deyilənləri təkrar etmək istəmirəm. Sadəcə, qeyd etmək istəyirəm ki, söhbət dinimizdən deyil, zamanla formalaşmış adət və mərasimlərdən gedir. Din bizim üçün müqəddəsdir və onun dəyərlərinə hörmətlə yanaşırıq. Lakin adətləri insanlar yaradır və cəmiyyət inkişaf etdikcə həmin adətlərin də müəyyən çərçivəyə salınmasına ehtiyac yaranır.

O vurğulayıb ki, toy və yas mərasimlərində israfçılığın qarşısının alınması üçün müəyyən standartların tətbiqi vacibdir: Toy və yas mərasimlərində də müəyyən standartların formalaşdırılması vacibdir. Xüsusilə israfçılığın qarşısının alınması üçün ilk növbədə özümüzdən başlamalıyıq.

Allahverdi Piriyev qeyd edib ki, Salyanın adət-ənənələrini uzun illər ərzində yaxından müşahidə edib və bu sahədə geniş təcrübəyə malikdir: Salyanın bu məsələdə özünəməxsus ənənələri olub. Mən 72 yaşın içindəyəm, 50 ildən artıq müəllimlik etmişəm və 14 ildir Rayon Ziyalılar İctimai Birliyinin sədrliyini həyata keçirirəm. Ona görə də Salyanın keçmişini, adət-ənənələrini yaxından bilirəm.

A.Piriyev bildirib ki, Salyanda yas mərasimləri illər ərzində evlərdən daha geniş məkanlara keçərək miqyasını artırıb: 1960-cı illərdə yas mərasimləri əsasən evlərdə keçirilirdi. İnsanlar gəlib başsağlığı verir və gedirdilər. Sonralar mərasimlər həyətə, daha sonra küçəyə və çadırlara keçdi. Zamanla mərasimlərin sayı və miqyası da artdı.

Onun sözlərinə görə, iqtisadi çətinliklər və zamanın təsiri ilə Salyanda yas mərasimlərində əvvəlki qaydalar tədricən dəyişib və israfçılıq artıb: Əvvəllər Salyanda yas mərasimləri ilə bağlı müəyyən qaydalar da mövcud idi. İnsanlar dəfn zamanı və sonrakı mərasimlərdə qəbiristanlığa aparılırdı. Lakin xüsusilə 1990-cı illərin iqtisadi çətinlikləri bu ənənələrə də təsir göstərdi və zaman keçdikcə mərasimlərdə israfçılıq artmağa başladı.

Allahverdi Piriyev hesab edir ki, yas mərasimlərinin daha sadə keçirilməsi və ailələrin ehtiyaclarının önə çəkilməsi daha məqsədəuyğundur: Mən hesab edirəm ki, yas mərasimləri müəyyən çərçivədə keçirilməlidir. İnsan dünyasını dəyişəndə onun ailəsinin, xüsusilə də ehtiyacı olan yaxınlarının qayğısı daha vacibdir. Mərhumun qəbrini il ərzində ziyarət etmək təbiidir. Amma kütləvi şəkildə, dəfələrlə insanların toplanması və bunun böyük xərcə çevrilməsi başqa məsələdir. Bu məsələyə daha rasional yanaşmaq lazımdır.

A.Piriyev vurğulayıb ki, bəzi hallarda yüksək xərc çəkilməsi cəmiyyətdə yanlış şəkildə hörmət göstəricisi kimi qəbul edilir: İsrafçılığın yaranmasında insanların zəif nöqtələrindən istifadə edən bəzi yanaşmaların da rolu var. Müəyyən vaxtlarda məclislərdə nə qədər çox xərc çəkilməsi sanki hörmət göstəricisinə çevrilir. Halbuki hörmət israfla ölçülməməlidir.

O qeyd edib ki, Naxçıvanda qəbir daşlarının sadə və eyni üslubda hazırlanması diqqətini çəkib və bunu nümunəvi yanaşma hesab edir: Mən Naxçıvanda bu baxımdan maraqlı bir nümunənin şahidi olmuşam. Qəbir daşlarının sadə, eyni üslubda və təmtəraqdan uzaq hazırlanması diqqətimi çəkdi. Orada insanın vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq qəbir daşlarında ciddi fərq yox idi. Bu, məncə, çox gözəl bir yanaşmadır. İnsanlar dünyasını dəyişdikdən sonra onların vəzifəsi deyil, insan kimi həyatı və xatirəsi ön plana çıxmalıdır.

Allahverdi Piriyev bildirib ki, cəmiyyətdə dəyişiklik yaratmaq üçün ilk növbədə hər kəs öz davranışı ilə nümunə olmalıdır: Cəmiyyətə nümunə göstərmək istəyiriksə, ilk növbədə özümüz nümunə olmalıyıq. Vətən bizə çox şey verir. Biz də vətənə, cəmiyyətə öz davranışımızla töhfə verməliyik. İqtisadiyyatımızı inkişaf etdirmək, ailələrin rifahını qorumaq istəyiriksə, israfçılığa da yol verməməliyik.

A.Piriyevin sözlərinə görə, Salyanda təmtəraqlı yas mərasimlərindən imtina edən ziyalılar da cəmiyyətə nümunə göstəriblər: Bu baxımdan Salyanda öz nümunəsini göstərmiş ziyalılarımız olub. Bölgəmizin tanınmış həkimlərindən Bəhram Həsən ağa öz vəsiyyətində təmtəraqlı yas mərasimi keçirilməməsini, yalnız dörd mərasiminin təşkil olunmasını istəyib. Onun bu qərarı bu gün də cəmiyyət üçün nümunə sayıla bilər.

O vurğulayıb ki, Salyanın tarixi və ənənələri qorunmaqla yanaşı, zamanın tələblərinə uyğun yeni yanaşmalar da formalaşdırılmalıdır: Biz Salyanın tarixini və zəngin ənənələrini qorumaqla yanaşı, zamanın tələbinə uyğun olaraq bəzi adətlərə yeni yanaşmalar formalaşdırmalıyıq. Salyanı israfçılıqla deyil, ziyalıları, din xadimləri, alimləri, xeyriyyəçiləri və sağlam ictimai ənənələri ilə tanıtmalıyıq.

Allahverdi Piriyev sonda qeyd edib ki, cəmiyyətdə müsbət dəyişiklik yaratmağın əsas yolu hər bir insanın özündən başlamasıdır: Əsas məsələ budur: dəyişiklik hər kəsdən, ilk növbədə isə özümüzdən başlamalıdır. Əgər hər birimiz öz davranışımızla nümunə olsaq, cəmiyyətdə də müsbət dəyişiklik yaratmaq mümkün olacaq.