Salyanda “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən tədbirdə çıxış edən "Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri və layihə rəhbəri Akif Kərimov çıxışında cəmiyyətdə məşğulluğun artmasının və müxtəlif sahələrdən olan insanların bir araya gəlməsinin mühüm göstərici olduğunu bildirib. O, həmçinin Salyanın su probleminin həllinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Kərimov əsas diqqəti yas mərasimlərində israfçılığın azaldılmasına yönəldib. O, dini xidmət göstərən şəxslərin — mollaların — fəaliyyətinin rəsmiləşdirilməsini, VÖEN almasını və əldə etdikləri gəlirdən vergi ödəməsini təklif edib. Onun sözlərinə görə, digər xidmət sahələrində olduğu kimi, dini xidmət göstərən şəxslər də qazancından dövlətə vergi ödəməlidir.

O, yas mərasimlərində böyük yemək süfrələrinin təşkilinin əvəzinə daha sadə yanaşmanın tətbiqini təklif edib. Kərimov Türkiyədəki təcrübəni nümunə göstərərək, dəfn mərasimlərinin məsciddə keçirildiyini, insanların isə mərhumun yaxınlarına başsağlığı vermək üçün müəyyən müddət ərzində sərbəst şəkildə gəlib-getdiyini bildirib.

Kərimov hesab edir ki, yas mərasimlərinə xərclənən vəsait, xüsusilə imkanlı şəxslər tərəfindən yol, məktəb və digər ictimai layihələrə yönəldilə bilər. O, özü də məktəblərin təmiri, infrastruktur işləri, kənd təsərrüfatı texnikası və şəhid ailələrinə müxtəlif formalarda dəstək göstərdiyini qeyd edib.

O həmçinin məscidlərdə dini fəaliyyət göstərən şəxslərin gördükləri işə uyğun rəsmi ödəniş almalarını və gəlirlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təklif edib.

Çıxışında qida israfına da toxunan Kərimov sadə və ölçülü qidalanmanın vacibliyini vurğulayıb. Onun fikrincə, toy və digər məclislərdə həddindən artıq yemək israfçılığa səbəb olur və bu ənənələrə daha qənaətcil yanaşmaq lazımdır.

Kərimov bildirib ki, cəmiyyətdə həm yas, həm də toy mərasimlərində israfçılığın azaldılması, insanların qazandıqları vəsaiti daha faydalı istiqamətlərə yönəltməsi təşviq edilməlidir.