Salyanda “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ənənələrə sadiqlik, israfdan uzaq” layihəsi çərçivəsində tədbir təşkil olunub.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, kulturoloq, publisist və siyasi icmalçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əbülfəz Babazadə qeyd edib ki, mənəvi dayanıqlılığın formalaşması insanın ilk növbədə öz üzərində işləməsindən başlamalıdır:
Biz nə etməliyik? Təyyarədə bizə öyrədirlər ki, qəza zamanı ilk növbədə özümüzə, sonra yanımızdakı insana kömək etməliyik. Həyatda da bu prinsip keçərlidir. Biz ilk növbədə öz üzərimizdə işləməli və özümüzdə mənəvi immunitet yaratmalıyıq.
Əbülfəz Babazadə bildirib ki, cəmiyyətdə mənfi proseslərə qarşı yalnız təbliğat deyil, mənəvi immunitetin formalaşdırılması da vacibdir:
Görkəmli kulturoloq, elmi rəhbərim Fuad Məmmədov hər zaman təbliğata böyük əhəmiyyət verib. Lakin mən hesab edirəm ki, bu gün yalnız təbliğat kifayət etmir. Biz mənfi proseslərə qarşı dayanıqlı olmaq üçün mədəni immunitet formalaşdırmalıyıq. Əgər özümüz nümunə yaratmasaq, nə qədər çıxış etsək də, ciddi nəticə əldə edə bilmərik.
O vurğulayıb ki, toy və yas mərasimlərinə münasibət cəmiyyətin mənəvi vəziyyətini əks etdirir:
Bu layihə ilə çox vacib bir mövzuya – toy və yas mərasimlərinə toxunuruq. Toy həyatın başlanğıcını, yas isə insanın fiziki həyatdan köçməsini simvolizə edir. Ona görə də bu mərasimlərə necə yanaşdığımız cəmiyyətimizin mənəvi vəziyyətini göstərir.
Ə.Babazadə qeyd edib ki, toyların maddi yükə çevrilməsi mərasimlərin əsas mahiyyətini kölgədə qoyur:
Bu gün toylar bəzən bayramdan çox maddi yükə çevrilib. İnsan toya dəvət alanda sevinmək əvəzinə düşünür ki, nə qədər pul aparmalıdır. “O mənim toyuma gəlib, mən də getməliyəm, heç olmasa onun verdiyi qədər pul verməliyəm” düşüncəsi mərasimin mahiyyətini dəyişir. Bu, ailələrə ciddi mənəvi və maddi yük yaradır.
Əbülfəz Babazadə bildirib ki, toy mərasimlərinə səmimiyyət və xeyir-dua məkanı kimi yanaşmaq lazımdır:
Toy mərasimlərini yenidən bayram kimi qəbul etməliyik. İnsanlar ora səmimi şəkildə xeyir-dua vermək üçün getməlidirlər. Toya gələn qohumların da “mənə nə vaxt nə qaytarılacaq?” düşüncəsi ilə hərəkət etməsi düzgün deyil. Bu yanaşmadan azad olmadıqca ailələrə düşən yük və sosial problemlər də artacaq.
O bildirib ki, digər xalqların müsbət təcrübələrindən yararlanmaqla yanaşı, onları milli-mənəvi dəyərlərimizlə uzlaşdırmalıyıq:
Şərqşünas kimi müxtəlif xalqların mədəniyyətini araşdırmışam. Məsələn, Yaponiya nümunəsinə baxaq. Yaponiya böyük təbii sərvətlərə malik olmasa da, insan kapitalı və çalışan beyinləri hesabına texnoloji cəhətdən inkişaf edib. Onlar texnoloji tərəqqini öz mənəvi dəyərləri ilə uzlaşdırmağı bacarıblar.
Biz isə bəzən əksinə, maddi və texnoloji inkişafı mənəvi dəyərlərdən önə keçiririk. Dünyadan yaxşı nümunələri götürməli, lakin onları öz milli-mənəvi dəyərlərimizlə uyğunlaşdırmalıyıq.
Ə.Babazadənin sözlərinə görə, cəmiyyətin dəyişməsi üçün nəsihətdən daha çox şəxsi nümunəyə ehtiyac var:
Bu gün nəsihət və təbliğatdan çox nümunəyə ehtiyacımız var. İnsan gördüyünü götürür. Ona görə də biz özümüz davranışımızla nümunə yaratmalıyıq. Bir məhsulu satan insanın öz məhsulundan istifadə etməsi ona etibar yaratdığı kimi, cəmiyyətdə də deyilən sözün təsirli olması üçün onu deyən insan özü nümunə olmalıdır.
O vurğulayıb ki, toy və yas mərasimlərində əsas meyar maddiyyat deyil, səmimiyyət olmalıdır:
Toy və yas mərasimlərində də əsas məqsəd səmimiyyət olmalıdır. İlk növbədə mənəvi tərəfi düşünməli, maddi məsələləri isə ikinci plana keçirməliyik.
Əbülfəz Babazadə qeyd edib ki, yas mərasimlərində də nümayiş və israfdan uzaq, daha faydalı yanaşmalara üstünlük verilməlidir:
Yas mərasimlərində də vəziyyət fərqli deyil. Bəzən insan yaxınını itirməyin ağrısından çox, yas mərasimini necə təşkil edəcəyini düşünür. Halbuki ehsanın məqsədi nümayiş və ya israf deyil. Məsələn, bir dostum anası vəfat etdikdən sonra ehsanı uşaq evində payladı. Bu, daha faydalı yanaşmadır. Ehsan ehtiyacı olan insanları düşünməklə daha mənalı ola bilər.
Ə.Babazadə bildirib ki, cəmiyyət həm öz milli dəyərlərinə sadiq qalmalı, həm də dünyadakı yaxşı nümunələrdən faydalanmalıdır:
Əslində həyat çox sadədir, biz onu özümüz mürəkkəbləşdiririk. Dədə-babalarımız bizə çox gözəl nümunələr qoyublar. Biz dünyaya açıq ölkəyik və başqa xalqların yaxşı təcrübələrindən yararlanmalıyıq. Eyni zamanda cəmiyyətimizdə yaranan mənfi və xoşagəlməz halları görməzdən gəlməməli, onların qarşısını almaq üçün utanmadan və açıq şəkildə mübarizə aparmalıyıq.
O vurğulayıb ki, əsas dəyişiklik insanın özündən başlamalı və mənəvi nümunə yaradılmalıdır:
Əsas məsələ isə budur: dəyişiklik təbliğatdan deyil, ilk növbədə insanın özündən başlamalıdır. Biz özümüz mənəvi nümunə və mədəni immunitet yaratmalıyıq.












