“Artıq məlum olduğu kimi işğaldan azad olunmuş torpaqlarımıza “Böyük Qayıdış” Dövlət proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərimizin qayıdışı başlayıb və uğurla davam edir. Dövlət proqramına uyğun olaraq yeni müasir tipli yaşayış məskənləri salınır və vətəndaşlarımızın ora qayıdışı təmin edilir”.

Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov köçkünlərin yeni mənzillərə köçürülməsi prosesində ictimaiyyətin və beynəlxalq təşkilatların rolu haqqında QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, qayıdış prossesi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. İlk növbədə yataqxanalarda, keçmiş istirahət məskənlərində, uşaq baxçalarında, yarasız binalarda, ağır şəraitdə yaşayan və şəhid, qazi ailələrinin köçürüldüyünü bildirən İctimai Şuranın sədri mənzillərin püşkatma ilə vətəndaşlara təqdim edildiyini də vurğulayıb: “Komitə yanında İctimai Şura olaraq bu prossesi yaxından izləyirik. Püşkatma qanuna uyğun və şəffav şəkildə keçirilir. Məlum olduğu kimi Azərbaycan dövləti heç bir Beynəlxalq təşkilatlardan yardım almadan öz büdcəmiz hesabına işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturu bərpa edir. Ona görə də Beynəlxalq təşkilatların bu prossedə rolunu indiki vəziyyətdə görmürəm. Gələcəkdə müəyyən layhələr onlar tərəfindən həyata keçirilə bilər”.

İctimaiyyətə gəldikdə isə Anar Xəlilov hesab edir ki, geri dönən vətəndaşlarımızın sevincinə şərik olub daha çox mənəvi məsələlərdə onlara dəstək olmalıdırlar: “Vətəndaş cəmiyyəti nümayəndələri öz layihələrini bu istiqamətdə hazırlamalıdırlar. Bu çox vacibdir. Layihələr hansısa tədbir və ya dəyirmi masalar yox praktik olaraq geri dönən vətəndaşlarımızın tez bir zamanda adaptasiyasına xidmət etməlidir. Daha çox məşğulluq problemlərinin həllinə yönəlməlidir”.

 

Pərvanə Fərhadqızı