Avqust ayının 1-də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov qanın laxtalanma pozğunluğunun müayinəsinin keyfiyyətinin artırılması məqsədilə Respublika Kliniki Xəstəxanasının laboratoriya şöbəsinə baxış keçirib.
QHT.az xəbər verir ki, Ayaz Hüseynov son bir neçə ayda Respublika Klinik Xəstəxanasının rəhbərliyi tərəfindən bir çox uyğunsuzluqlar aradan qaldırıldığını vurğulayıb: "Lakin hemofiliyanın inhibitor formasının və trombosit funksiya və keyfiyyətinin yoxlanmasında çətinliklərin olması müşahidə olunub. Bununla bağlı əlavə avadanlıqlarla təchizatın olması və kadrların  təkmilləşməsinin zəruriliyi bildirilib. Qanın laxtalanma pozğunluğunun yoxlanışı üçün 4 həkim laborant ayrılıb və tam avtomatlaşdırılmış laborator avadanlıqlarla laboratoriya təchiz olunub.
Hazırda operativ şəkildə qanın laxtalanma faktorlarının müayinəsi aparılır. Bu Xəstəxanada uzun illər ərzində hemofiliyanın müalicəsində uşaq şöbəsi olmayıb və son zamanlaradək uşaqlar böyüklərlə birgə ambulator və stasionar müalicə alīblar. Bu da psixoloji və tibbi normalara uyğun olmadığı üçün hazırda hemofiliyalı uşaqların ayrı və individual müalicəsi üçün uşaq şöbəsi yaradılıb".
Qeyd edək ki, Ayaz Hüseynov Avropa Hemofiliya Konsorsiumunun idarə heyətilə danışıqlar aparıb və yaxın zamanda hemofiliyanın müalicəsi üçün beynəlxalq standartlara uyğun modelin yaradılması üçün Portuqaliyadan və İrlandiyadan beynəlxalq həkim və ekspertlərin Azərbaycana dəvəti planlaşdırılıb. Məqsəd, illərlə qalan ciddi problemlərin kökündən həll edilməsi, qısa bir zamanda dövlət səhiyyə qurumlarına dəstək və keyfiyyətli müalicəyə nail olmaq üçün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən dəstəyin göstərilməsidir.


Pərvanə Fərhadqızı